Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bütün ərzaq malları qablaşdırılmalıdır və qablaşdırmanın üzərində istehsal tarixi, son istifadə tarixi, tərkibi qeyd edilməlidir. Ancaq bu gün hətta böyük marketlər belə bu qaydanı gözləmir. Böyük qutularda alınan peçenyeləri adi sellofanlarla qablaşdırıb, üzərinə heç bir məlumat vurmadan satışa təqdim edirlər. Üzərində heç bir tarix qeyd edilməyən bu cür qidalardan uzaq durun.
Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, qablaşdırmanın üzərində heç bir məlumat yoxdursa, bu şübhəli məhsul ola bilər:
“İstehlakçı keyfiyyəti, tərkibi öyrənmək üçün qablaşdırmanın üzərindəki məlumatları oxuyur. Əgər bu məlumat yoxdursa, malın tərkibi də, yeni və ya köhnə olması da şübhəlidir. İstehlakçı haradan bilsin ki, onun içindəki təzədir ya köhnə?
Market qutularda gətirilən peçenyeləri az miqdarda olmaqda qablaşdırması yaxşı haldır, ancaq onun üzərinə məlumat vurulmaması, son istifadə müddətinin yazılmaması qayda pozuntusu, istehlakçı hüququnun pozulmasıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu kimi problemləri artıq həll etməlidir. AQTA elə iş aparmalıdır ki, vaxtı keçmiş mallar istehlakçnın evinə girməsin. Marketlər də, AQTA da köhnə məhsulların satışının tam qarşısının alınmasını istəsən bunun üçün hazır metodika var. Lakin Azərbaycanda heç bir market bundan istifadə etmək istəmir.
Market öz məhsulunu satmağı, qazanmağı düşündüyü üçün istehlakçı da öz sağlamlığını düşünməli, ərzaq tədarükü zamanı diqqətli olmalı, məhsulun tərkibi və tarixinə diqqət etməlidir”.
Nigar İxtiyarqızı










