Tribuna.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səhnəsi 17 aprel 2026-cı il tarixində xüsusi bir tədbirə şahidlik edib. “Nəfəs və zərb alətləri” kafedrasının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor Telman Hacıyevin xatirəsinə həsr olunmuş konsert dərin ehtiram və yüksək sənət ruhu ilə yadda qaldı.
Tədbir Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadənin mənalı və duyğulu giriş sözü ilə açıldı. Onun nitqində Telman Hacıyevin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr, pedaqoji fəaliyyəti və sənətə olan sonsuz sevgisi xüsusi vurğulandı.
Tədbirdə ürək sözləri ilə çıxış edən BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Xalq artisti, “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, professor Yusif Axundzadə, dosent Fikrət Məmmədov və öz çıxışları ilə bu xatirə gecəsinə xüsusi rəng qatdılar. Onlar Telman Hacıyevin çoxşaxəli yaradıcılığından bəhs edib, onun necə bir sənət fədaisi olduğunu qeyd etdilər.
BMA-nın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru, musiqişünas Mina Hacıyeva (Telman Hacıyevin qızı) da dərin emosional duyğularla çıxış edərək, Telman müəllim haqqında xatirələrini tamaşaçılarla bölüşdü. Həm də tədbirin keçirilməsində əməyi və dəstəyi olan – başda Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli olmaqla, hər kəsə dərin təşəkkürünü bildirdi.
Sonra bədii hissəyə söz verildi.
İstedadlı musiqiçilər – “Nəfəs və zərb alətləri” kafedrasının professoru Lalə Cəfərova (fortepiano), Rauf Muradov (saksofon), Nicat Məmmədov və Məsumə Əliyeva (fleyta), Məhəmmədəli Paşazadə (klarnet), Sadiq Heybətov (truba) və zərb alətləri ansamblının çıxışları isə gecəyə dinamika və təravət gətirdi. Onların hər bir ifası sənətkara olan ehtiramın canlı ifadəsinə çevrildi.
Fərda Uğur



















