“Baku Electronics”dən onlayn alış-veriş etməyin – Müştəri şikayətçidir

“Baku Electronics”dən onlayn alış-veriş etməyin – Müştəri şikayətçidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Electronics”dən onlayn alış-veriş edən müştəri sifarişinin səhv göndərildiyini və məhsulu geri qaytarmasına baxmayaraq, ödənişini hələ də geri ala bilmədiyini iddia edib.

Tribuna.az xəbər verir ki, bu barədə Sevinc Yusifova sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, iyulun 18-də ES80V-A5 model su qızdırıcısı sifariş edib. Lakin anbarda çalışan əməkdaş iki modelin eyni olduğunu düşünərək, müştərinin razılığı olmadan sifarişi ES80V-A3 modeli ilə əvəzləyib. Yusifova məhsullar arasında həm dizayn, həm də qiymət fərqi olduğunu bildirib.

Müştəri səhv göndərilən məhsulu iyulun 19-da geri qaytardığını, bundan sonra isə ödənişin qaytarılması ilə bağlı problem yaşadığını qeyd edib. Bildirib ki, şirkətə dəfələrlə müraciət edib, hətta baş ofisə gedib, lakin konkret nəticə əldə edə bilməyib.

Şikayətçinin sözlərinə görə, əvvəlcə pulun qaytarılmasının iyulun 21-də icra edildiyi bildirilib. Daha sonra isə ona ödənişin avqustun 8-də icra edildiyi və vəsaiti əldə etmək üçün daha 14 gün gözləməli olduğu deyilib.

Yusifova şirkət əməkdaşlarının yol verdiyi səhvə görə müştərinin öz pulunu geri almaq üçün uzun müddət gözləməsinin və dəfələrlə müraciət etməsinin yolverilməz olduğunu vurğulayıb.

İddialarla bağlı “Baku Electronics”ə sorğu ünvanlamışıq. Cavab oxuculara təqdim ediləcək.

Gülşən Rəsul