Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Xəzər rayonu, Zirə qəsəbəsində çəkilmiş və geniş müzakirələrə səbəb olan videogörüntülər yayılıb. Görüntülərdən bəlli olur ki, qəsəbə ərazisində məişət tullantıları müasir zibil daşıyan texnikalar əvəzinə, eşşəyə qoşulmuş araba vasitəsilə yığılır.

 Tribuna.az musavat.com-a istinadən sosial şəbəkə trendinə çevrilən həmin görüntülərlə bağlı təfərrüatı təqdim edir.

Videonu lentə alan qəsəbə sakini kommunal təsərrüfat fəhlələrinin bu hərəkətinə kəskin etiraz edir. Sakin anomal isti havada heyvanın bu şəkildə ağır işə cəlb olunmasını həm ekoloji, həm də heyvan haqları baxımından tənqid atəşinə tutur: “Zirə bələdiyyəsinin işçiləri… Maşın yoxdur, ancaq eşşəklə gəzirlər. Düşünə bilirsiniz? Daş dövründə qalıblar. Hətta bu isti havada eşşəyə minirlər, arabaya bu qədər yük vurublar, heyvana yazıqları gəlmir. Bu isti havada heyvana edilən zülmə baxın…”

Görüntülərdən aydın olur ki, sakinlər işçilər arasında mübahisə yaranıb. Sakinin tənqidlərinə fəhlənin “Mən eşşəyə zülm eləmirəm” deyərək özünə bəraət qazandırmağa çalışması da videoda əks olunub. Bakının qəsəbələrində hələ də bu cür ibtidai üsullardan istifadə olunması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirələrə yol açıb. İstifadəçilər rəsmi qurumların fəaliyyətini tənqid edərək bu məqamlara diqqət çəkiblər. İstifadəçilərdən biri yazıb: “Texnika çatışmazlığı! XXI əsrdə, paytaxtın mərkəzindən cəmi 10-15 kilometr kənarda yerləşən qəsəbələrdə müvafiq zibilyığan maşın-texnikanın olmaması suallar doğurur”.

Digər istifadəçi isə baş verənlərə belə münasibət bildirib: “Antisanitariya və epidemioloji təhlükə yayırlar. Açıq araba vasitəsilə daşınan zibillərin yayın istisində ətrafa qoxu yayması və dağılması yoluxucu xəstəliklərə zəmin yaradır”. İstifadəçilərin bir çoxu isə qızmar günəş altında heyvanın yüklənməsinə etiraz edirlər. Heyvanın ağır yük altında bu cür istismar edilməsi sosial şəbəkələrin heyvansevər tərəfindən kəskin pislənir. Maraqlıdır ki, videoya şərh yazanlar eşşəyin arabasına zibil yükləyən, pensiya yaşında olan Xəzər rayon İcra Hakimiyyəti MKTB işçilərinin haqq və hüquqlarına diqqət ayırmağı unudurlar. Eşşəyi əvəzləməli olan texnikaların harada olması sualı da açıqdır.

Mövzu ilə bağlı qarşı tərəfin və aidiyyəti qurumların (Xəzər Rayon İcra Hakimiyyəti MKTB və ya aidiyyəti bələdiyyə) mövqeyini dərc etməyə hazırıq.