Şəkinin Kiş kəndində yerləşən “Ruh Açarı” qonaq evi qədim kənd ab-havası, gül-çiçəkli həyəti və özünəməxsus interyeri ilə seçilir. Təxminən iki əsrlik tarixə malik binada fəaliyyət göstərən bu məkan qonaqlara yalnız gecələmək deyil, həm də keçmişin izləri ilə tanış olmaq, yerli mədəniyyəti yaxından hiss etmək və şəhərin səs-küyündən uzaqlaşmaq imkanı yaradır.
Tribuna.az xəbər verir ki, oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə keçirilən mediatur çərçivəsində mən digər maraqlı məkanlarla bərabər həmçinin Kiş kəndində yerləşən “Ruh Açarı” qonaq evi və art-kafe ilə tanış oldum.
Və sözün həqiqi mənasında bu məkana valeh oldum. Rəssam və sahibkar Arzu Turangiyə məxsus bu məkan tarixi, sənət nümunələri və sakit mühiti ilə diqqətimi çəkdi.
Abu-havası ilə insana hüzur gətirən qonaq evinin yerləşdiyi binanın keçmişi Şəkinin ənənəvi ipəkçilik fəaliyyəti ilə bağlıdır. Vaxtilə burada ipəkqurdu yetişdirməklə məşğul olan iki qardaş yaşayıb. Böyük İpək Yolunun mühüm dayanacaqlarından biri olan Şəkidə ipək istehsalı əsrlər boyu bölgənin iqtisadi və mədəni həyatında əhəmiyyətli yer tutub. Ailənin hazırladığı ipək saplarını qonşu Şəkidəki toxuculara satdığı bildirilir.
Binanın bərpası zamanı onun tarixi görünüşünün qorunmasına xüsusi diqqət yetirilib. Daş divarlar, oyma ağac elementləri, əl işi xalçalar, naxışlı sinilər və qədim məişət əşyaları interyerə xüsusi görkəm verir. Dəhlizdəki taxta masa isə köhnə “Singer” tikiş maşınının dayaqlarından hazırlanıb.
Divardakı çərçivələrdə ailə arxivindən götürülmüş, çar Rusiyası dövrünə aid qəzet parçaları nümayiş olunur. Evin əvvəlki sahiblərindən birinə məxsus qadın qəlyanı da bu kompozisiyanın bir hissəsidir. Belə detallar məkanı adi qonaq evindən fərqləndirir və burada keçmişlə bağlı hekayələrin yaşamasına imkan yaradır.
Arzu Turangi beş il əvvəl Bakıdan Kiş kəndinə köçərək şəhər həyatının səs-küyündən uzaqlaşmaq qərarına gəlib. Əvvəlcə burada özünə ev tikib, təxminən bir il sonra isə kiçik qonaq evi yaratmağa qərar verib. Rəssamlıqla məşğul olan sahibkar üçün bu məkan, eyni zamanda, yaradıcılığının davamıdır.
O, qonaqları şəxsən qarşılayır, onların rahatlığı ilə maraqlanır və ətraf ərazilərlə tanış olmalarına kömək edir. Qonaq evinin nəzdində fəaliyyət göstərən art-kafedə ənənəvi yeməklər təqdim olunur, səhərlər isə yerli məhsullardan hazırlanan ev yeməkləri ilə süfrə açılır.
Məkan o qədər mənim xoşuma gəldi ki,kitablar olan masa arxasında xatirə olaraq şəkil də çəkdirdim.
Maraqlıdır ki, qonaq evində televizor yoxdur. Görünür bu ona görədir ki, gələn qonaqlar sakitçilikdə ruhən tam dincələ bilsinlər.
Məkanın əsas xüsusiyyətlərindən biri sakitliyin qorunmasıdır. Arzu Turangi eyni vaxtda yalnız altı-yeddi nəfərin qalmasına üstünlük verir. Onun fikrincə, qonaqların sayının az olması insanlara gündəlik qayğılardan uzaqlaşmaq, dincəlmək və kənd həyatının sakitliyini hiss etmək imkanı yaradır.
“Ruh Açarı”nın marağı yalnız yerli turistlərlə məhdudlaşmır. Arzu Turanginin verdiyi məlumata görə, qonaq evində indiyədək təxminən 40 ölkədən gələn səyahətçilər qalıb. Qonaqların təxminən yarısının xarici ölkələrdən olması bu kiçik məkanın beynəlxalq turistlərin də diqqətini çəkdiyini göstərir.
Qonaq evində gecələməyin qiyməti bir otaq üçün 70–100 manat arasında dəyişir. Səhər yeməyi də bu qiymətə daxildir.
Məkanın adı da özünəməxsus hekayəyə malikdir. “Ruh Açarı” ifadəsi rus dilindəki “Ключ души” mənasına uyğun olaraq “ruhun açarı” kimi başa düşülür. Arzu Turanginin sözlərinə görə, ad oğlu ilə söhbəti zamanı yaranıb. Oğlu bu yerin onda hansı hissləri oyatdığını soruşanda sahibkar burada ruhunun açıldığını deyib. Beləcə, qonaq evinin adı müəyyənləşib.
Kiş kəndinin tarixi Alban məbədi, təbiət mənzərələri və ənənəvi yaşayış mühiti də buraya səfəri daha maraqlı edir. “Ruh Açarı” nümunəsi göstərir ki, turizm məkanının cəlbediciliyi yalnız məşhur abidələrlə ölçülmür. Tarixi irsin qorunması, yerli mətbəx, sənət və səmimi qonaqpərvərlik bir araya gəldikdə, kiçik bir ailə layihəsi də bölgənin tanıdılmasına töhfə verə bilər.
Bəzən insan komfortlu otellərdə qalmaqdan fərqli olaraq, belə özünəməxsus, tarixi ruhu olan məkanlarda qalmağa ehtiyac duyur.
Şəkiyə gələn qonaqlar “Ruh Açarı”nı seçsələr, düşünürəm ki, yanılmazlar və buradan xoş təəssüratlarla ayrılarlar.
İmran Kərimli








































