Bakıda böyük TIXACLAR başlayır – İki həftə sonra…

Bakıda böyük TIXACLAR başlayır – İki həftə sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ilinin başlamasıyla qarşıdakı 11 ay ərzində bizi yollarda bir qədər çətin günlər gözləyir. Yollarda sıxlıq olacaq, gərginlik olacaq. Ümid edək aidiyyəti qurumlar bunu vaxtında müəyyən edib tədbir görəcək.

Bu sözləri Tribuna.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, aparılan işlərə görə bəzi stansiyaların bağlanması gec-tez olmalı idi:

“Təbii ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər həmişə yollarda sıxlıq, problem yaradır. Heç kəs deyə bilməz ki, yollarda nəqliyyatın hərəkətində çətinlik yoxdur. Təbii ki, var və bu normaldır. Çünki əsas stansiyalar bağlanıb. Ancaq nə vaxtsa başlamaq lazım idi bu işə.

Stansiyaların sayı nə qədər artırılsa, bir o qədər yaxşıdır. Çünki metro ən komfortlu, tıxacsız, maneəsiz hərəkət edən ictimai nəqliyyatdır. Ona görə də şəhər sakinləri 11 aylıq çətin vəziyyəti anlayışla qarşılasın gərək. Nəzərə alsınlar ki, 11 ayın sonunda yollarda hərəkət daha rahat və asan olacaq, uzaq məsafələr qısalacaq”.

E. Muradlı əlavə edib ki, yeni tədris ilindən yolların vəziyyətini indidən proqnozlaşdırmaq olmaz:

“Təbii ki, qarşıdakı 11 ay ərzində bizi bir qədər çətin günlər gözləyir. Düzdür, heç kəs proqnozlaşdıra bilməz ki, yeni tədris ili başlayanda bizi nə gözləyir. Ancaq təxmin etmək olar ki, asan olmayacaq. Bəli, yollarda sıxlıq olacaq, gərginlik olacaq. Təbii ki, tələbələr narazılıq edəcək, iş yerlərinə, dərsə gecikmələr olacaq. Ən az 1 ilə yaxın müddət bu çətinliklər gözləyir bizi. Bu problemləri də aidiyyəti qurumlar vaxtında müəyyən etməlidir ki, narazılıq çox da böyüməsin”.

Nigar İxtiyarqızı