“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,5 milyon manat zərərlə başa vurub. Bu, 2019-cu illə müqayisədə 51,7% daha çoxdur. Nəticədə qurumun yığılmış zərəri 565,2 milyon manata çatıb.
Pandemiya ili ərzində sərnişindaşıma gəlirləri 68,6% azalıb, dövlət büdcəsindən alınan dotasiya isə 37% artıb. Ən böyük xərc maddəsi 103,4 milyon manatla amortizasiya xərcləri olub. Aktivlər artsa da, Metropoliten fəaliyyətini hələ də zərər hesabına davam etdirir.
Zərərin əsas səbəbi pandemiyadır, yoxsa struktur problemlər daha ön plandadır?
Bu səbəblə gedişhaqqı artırıla bilərmi?
Sizcə, Metropoliten üçün idarəetmə, xərclərin optimallaşdırılması və ya xidmət modeli dəyişməlidir? Təklifləriniz nədir?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, nə qədər dotasiya ayrılsa da, diferensiallaşdırılma adı altında qiymətlər qaldırılsa da nə keyfiyyət vətəndaşı məmnun edir, nə də zərər bitmək bilmir.
İqtisadçının sözlərinə görə, ildən-ilə artır. Onun üçün də Metropoliten kimi sahələrin dövlətin balansından çıxıb özəlləşdirilməyə verilməsi və dövlət nəzarəti adı altında fəaliyyət göstərməsini məqsədə uyğun hesab edirəm.
“İlk növbədə bu kimi qurumlarda dərin yoxlama, audit araşdıması aparmaq lazımdır. Daha sonra isə özəlləşdirmə həyata keçirilməlidir. Çünki qurumlara dotasiya dövlət büdcəsindən ayrılır. Dövlət büdcəsinin də əsasını neftdən gələn gəlirlər təşkil edir. Qeyri-neft sektorunun inkişafı prioritet olsa da, bu o demək deyil ki, vəsait ayrılsın. Nəticədə isə zərərlə ili başa vursun.
Bundan əlavə düşünürəm ki, özəlləşdirmə sahibkarlıq subyektlərinin inkişafına da dəstək olacaq. Məsələn, Bakı metrosu bu şirkətin idarəetməsindədir, Xırdalan metrosu başqa, Sumqayıt qatarı başqa. Hansında xidməti keyfiyyət yaxsıdır və ya vətəndaş məmnuniyyəti yüksək səviyyədədir?
Hansısa qurum zərərlə çalışdığını açıqlasa, vətəndaş təşvişə düşür: “görəsən qiymət artacaqmı?” Dərhal diqqət xəbərlərdə olur, nə açıqlanacaq deyə. Əslində isə vətəndaşa maraqlı olan xidməti keyfiyyətdir, qurumun zərər və ya mənfəətlə işləməsi sadə vətəndaşı maraqlandıran mövzu olmamalıdır. Mənfəət gətirməyən sahəyə hər il pul qoymaq elə bil biliksiz uşağa 500 manat verib hazırlığa göndərmək kimidir ki, universitetə qəbul olsun. Nəticədə 1 ilə sənin 6000 manatın gedir. İkinci il yenə hazırlığa qoyursan. Yekunda 12.000 manat gedəndə, ağlın başına gəlir ki, bu pulu başqa cür investisiya edə bilərdim.”
Dəniz Pənahova










