“Real Madrid”in və Türkiyə millisinin futbolçusu Arda Gülərin dünyaca məşhur lüks moda brendi “Louis Vuitton” üçün çəkilişlərdən 4,5 milyon avro qazandığı məlum olub.
Tribuna.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, Arda Güler “Louis Vuitton”un məhsulları ilə kamera qarşısına keçib. Çəkiliş zamanı futbolçu qara polo köynək və şalvarda, əlində isə brendə məxsus çanta ilə görüntülənib.
Məlumata əsasən, futbolçunun reklam çəkilişindən 4,5 milyon avro qazandığı iddia edilir. Müqayisə üçün, əvvəlki məlumatlarda onun “Real Madrid”dəki illik brüt maaşı 5,2 milyon avro göstərilib.
Beləliklə, iddia edilən reklam gəliri futbolçunun bir illik klub maaşının təxminən 87 faizinə bərabərdir. Başqa sözlə, bir reklam layihəsindən əldə etdiyi bildirilən məbləğ onun futbol klubundan aldığı illik maaşa kifayət qədər yaxındır.
Arda Güler 2023-cü ildə “Fənərbağça”dan “Real Madrid”ə transfer olunub. Gənc yarımmüdafiəçi həm klubdakı çıxışı, həm də reklam və kommersiya layihələri ilə diqqət mərkəzindədir.
Gülşən Rəsul











