Anasının yanında cəsarətlənən balaca kərgədan şirlər sürüsünə meydan oxudu.
Cənubi Afrikada lentə alınan maraqlı görüntülər heyvanlar aləmində gözlənilməz qarşılaşmanı nümayiş etdirib.
Tribuna.az Latestsightings.com-a istinadən xəbər verir ki, vəhşi təbiət fotoqrafı Dilan Royall tərəfindən çəkilən videoda ana ağ kərgədan və balasının şirlər sürüsü ilə qarşılaşdığı anlar əks olunub.
Hadisə tozlu yolda baş verib. Həmin vaxt yolda bir neçə balanın da olduğu şirlər sürüsü dincəlirdi. Uzaqdan ana kərgədan və balasının yaxınlaşdığını görən şirlər tədricən yoldan çəkilməyə başlayıblar.
Görüntülərin ən maraqlı hissəsi isə bundan sonra baş verir. Sürünün erkək aslanı əvvəlcə kolluqdan çıxır. Onun sürünü qorumaq üçün qarşıya çıxacağı düşünülsə də, aslan əks istiqamətə gedərək ərazidən uzaqlaşır.
Dişi aslanlar da kərgədanlarla qarşıdurmaya girmək istəməyiblər. Sürünün əksəriyyəti yoldan çəkilsə də, bir dişi aslan bir müddət yolda qalmağa davam edib.
Ana kərgədanın sakit şəkildə yoluna davam etdiyini görən balası da özünü daha cəsarətli hiss edib. O, sonuncu dişi aslana doğru irəliləyərək onu da qaçmağa məcbur edib.
Beləliklə, nəhəng şirlər sürüsü qarşısında balaca kərgədan özünü yolun əsl sahibi kimi aparıb. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.













