Artıq bir neçə gündür ABŞ və müttəfiqləri Yaxın Şərqə əsas hərbi qüvvələrini göndərməyə başlayıb.
Trbuna.az xəbər verir ki, dünən Fars körfəzinə daxil olan nəhəng Amerika gəmisinin 100-dən 200-dək “Tomaqavk” raketləri daşıdığı qeyd edilir.
Bundan başqa, dünəndən etibarən Avropa ölkələri, habelə İsrail öz hava məkanını bağlayıb. Bütün uçuşlar dayandırılıb. Həmçinin Britaniya Kral hərbi hava donanmasını da Yaxın Şərqə köçürüb.
Günün əsas sualı budur: ABŞ İranı vuracaqmı? Məsələni Tribuna.az-a şərh edən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, gedişat bunun baş tutacağını deməyə əsas verir. “ABŞ İranla ortaq dil tapmaq üçün çox çalışdı. Lakin hər dəfəsində iqnor edildi. Son hadisələr isə Ağ Evi artıq sərt addım atmağa vadar edib. Çünki İrandakı mövcud rejim ipə-sapa yatmaq fikrində deyil. Eyni zamanda, ABŞ və onun müttəfiqləri bölgəyə özlərinin ən elit hərbi birləşmələrini göndərməyə başlayıblar. Təbii ki, bu da səbəbsiz deyil. Şübhəsiz hərbi müdaxilə olacaq. Lakin hansı miqyasda olacağı hələlik bəlli deyil”.
O, İranda ABŞ müdaxiləsi ilə rejimin dəyişə biləcəyini də istisna etməyib. “Əgər ABŞ İrana zərbə endirərsə, rejim dəyişikliyi mümkündür. Lakin bunun üçün bəzi hadisələrin də paralel baş verməsi lazımdır. Məsələn, hərbi zərbələrlə paralel olaraq əhalinin də etiraza qalxaraq, rejimə yüklənməsi onun devrilməsini şərtləndirəcək. Əks təqdirdə, ABŞ-ın zərbələri rejimi zəiflədəcək, lakin getməsini şərtləndirməyəcək. Hələ bir qədər də hakimiyyətdə qalmaq imkanı yaradacaq. Ona görə də, proses paralel getməlidir ki, nəticə əldə olunsun”.
Fərda Uğur










