Sol yuxarı ətrafı ət maşınında sıxılaraq ağır travmatik amputasiya olunan 3 yaşlı oğlan uşağı əməliyyat olunub.
Tribuna.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Uşaq hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına çatdırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin üç barmağı tam amputasiya olunub.
Uşaq təcili əməliyyata hazırlanıb və mikrocərrahi komanda tərəfindən təxminən 8 saat davam edən kompleks rekonstruktiv əməliyyat keçirilib.
Əməliyyat zamanı sümük, damar, sinir və tendon strukturları bərpa olunaraq ətrafın anatomik bütövlüyü təmin edilib.
Əməliyyatdan sonra 24 saat reanimasiyada intensiv nəzarətdə saxlanılan uşaq daha sonra palataya köçürülüb.
Hazırda onun ümumi vəziyyəti qənaətbəxşdir.
Rekonstruksiya olunan sol yuxarı ətrafın vəziyyətində müsbət dinamika müşahidə olunur. Uşaq uzunmüddətli funksional bərpa məqsədilə mərhələli reabilitasiya proqramına cəlb edilib.
Gülşən Rəsul














