Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bölgədə yaranan yeni vəziyyət qlobal nəqliyyat marşrutlarını dəyişməyə başlayıb.
Tribuna.az xəbər verir ki, onun sözlərinə görə, şimalda Rusiya, cənubda isə İran hava məkanının bağlanması nəticəsində beynəlxalq uçuşların əsas trayektoriyası Qafqaz üzərindən keçməyə başlayıb.

Şərhçi hesab edir ki, bu vəziyyət bir növ Zəngəzur dəhlizinin yerüstü formada fəaliyyətə başlamasından əvvəl havada faktiki açılması kimi qiymətləndirilə bilər:
“son hadisələr fonunda İranın Azərbaycana yönəlik addımlarını həm də qlobal nəqliyyat arteriyalarının bloklanması cəhdi kimi qiymətləndirmək olar. Yaranan vəziyyət nəticəsində Qafqaz regionu dünya üçün əsas tranzit arteriyalarından birinə çevrilib”.
Şərhçi əlavə edib ki, mövcud şəraitdə Azərbaycanın Naxçıvana gedən İran marşrutundan əvvəlki kimi istifadə etməsi ehtimalı xeyli azalır. Bu səbəbdən də Ermənistan üzərindən keçəcək Zəngəzur dəhlizinin açılması məsələsi artıq qlobal zərurət kimi gündəmə gəlir.
Nigar İxtiyarqızı









