Ukrayna Prezidenti Volodimir Zelenski Yeni il ərəfəsində Kiyevdə xalqa müraciət edib.
Tribuna.az xəbər verir ki, o, çıxışında Rusiyanın bayram günlərində belə atəşkəsə əməl etmədiyini və mülki yaşayış məntəqələrini bombalamaqda davam etdiyini bildirib.
Zelenski deyib ki, bayram gecəsi belə hücumlar etmək yalnız vicdansız insanların işi ola bilər. Onun sözlərinə görə, Ukrayna xalqı bu günlərdə bir arzu ətrafında birləşib: ölkəyə bu faciələri yaşadan şəxsin tezliklə yox olması və Ukraynaya sülhün gəlməsi.
“İnanıram ki, bu Yeni il günlərində bütün Ukrayna xalqı eyni diləyi tutur. Bizə bunları yaşadanın yox olmasını arzulayırıq. Eyni zamanda ölkəmizə sülh gəlməsi üçün dua edirik”, – deyə Zelenski bildirib.
Ukrayna liderinin bu açıqlamalarına Kreml də reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin çıxışını “nifrət dolu” adlandıraraq tənqid edib.
Peskov, həmçinin Zelenskinin bir gün əvvəl açıqladığı 20 maddəlik sülh planına Rusiyanın hələlik nə müsbət, nə də mənfi cavab verdiyini bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı proses davam edir və Rusiya ilə ABŞ arasında danışıqlar aparılacaq.
İmran Kərimli









