Ukrayna Rusiya işğalının və Zaporojye AES üzərində nəzarətin tanınmasına razı olmayacaq – Zelenski
Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərin və Zaporojye Atom Elektrik Stansiyası (AES) üzərində nəzarətin hüquqi baxımdan tanınmasını nəzərdə tutan heç bir qərarla razılaşmayacaq. Eyni zamanda Kiyev mümkün çərçivə sazişinə aparan yolda mübahisəli məqamların sayını azaltmaq üzərində çalışır.
Tribuna.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Zelenski vurğulayıb ki, Ukraynanın yenidən baxılması mümkün olmayan “qırmızı xətləri” mövcuddur. Bu, ilk növbədə ölkənin ərazi bütövlüyünə və Zaporojye AES məsələsinə aiddir.
Prezident qeyd edib:
“Bu məsələlərin hamısı son dərəcə həssasdır — həm ərazilər, həm də Zaporojye AES. Siz mənim mövqeyimi bilirsiniz: istənilən şəraitdə biz hüquqi baxımdan heç nəyi tanımayacağıq. Bu mövzulara indi detallı şəkildə toxunmaq istəmirəm, çünki biz bunları dəfələrlə müzakirə etmişik.”
Dövlət başçısı əlavə edib ki, bütün həssas məsələlər yalnız cəmiyyətlə geniş məsləhətləşmələrdən sonra — ictimai müzakirə, referendum və ya qanunvericilik dəyişiklikləri yolu ilə qəbul oluna bilər. Onun sözlərinə görə, Ukrayna vətəndaşları ölkənin gələcəyi ilə bağlı qərarların verilməsində mütləq iştirak etməlidirlər.
Zelenskinin fikrincə, həlledici amil təhlükəsizlik zəmanətləridir. Prezident xüsusi olaraq vurğulayıb ki, Rusiyanın bir gün əvvəl həyata keçirdiyi kütləvi hücum Moskvanın müharibəni bitirməyə hazır olmadığının növbəti göstəricisidir.
Xatırladaq ki, Zelenski daha əvvəl sülh planı çərçivəsində həssas məsələlərlə bağlı Ukraynada prezident seçkilərinin və ya referendumun keçirilməsi mövzusunda əsas prinsipin təhlükəsizlik olduğunu bildirmişdi.









