Dövlət başçısı yenidən Putinlə neytral ərazidə görüşə hazır olduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə üçtərəfli danışıqlar bu gün üçün təxirə salınıb. Onun sözlərinə görə, hazırda ABŞ daha çox Yaxın Şərqə fokuslanıb.
Tribuna.az xəbər verir ki, bununla belə, o vurğulayıb ki, proses yenidən bərpa olunacaq.
“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, nə Moskvada, nə də Kiyevdə. Amma o mənimlə görüşməyə hazırdırsa, bunun üçün çoxlu variant var. Yaxın Şərqdə, Avropada, ABŞ-da – istənilən yerdə uyğun variant tapa bilərik”, – deyə Zelenski Rai-yə müsahibəsində bildirib.
Donbasla bağlı Zelenski qeyd edib: “Biz sadəcə Donbasdan imtina məsələsini müzakirə edə bilmərik. Əgər Donbası ruslara buraxsaq, onlar heç bir itki vermədən ən möhkəm müdafiə mövqelərimizi tutacaqlar. Yeni müdafiə xətlərinin qurulması bir il və ya ilyarım çəkə bilər. Bu müddətdə onlar Xarkova və ÜDM-imizə böyük töhfə verən digər şəhərlərə hücum edə bilərlər. Bu isə cəmiyyətdə parçalanmaya səbəb olacaq. Hər hansı bölünmə isə Putinin əsas məqsədidir və bu, müstəqilliyimizin sonu deməkdir”.
Təhlükəsizlik zəmanətləri məsələsinə toxunan Zelenski bir neçə ildən sonra Rusiyanın yenidən hücuma keçə biləcəyindən narahatlığını ifadə edib. Bu baxımdan o, gələcək razılaşmalar çərçivəsində Avropa və ABŞ-ın hərbi və siyasi iştirakının təmin edilməsinin vacibliyini qeyd edib.
Volodimir Zelenskinin digər açıqlamaları
Bundan əvvəl UNİAN xəbər vermişdi ki, Ukrayna Rusiyaya enerji obyektlərinə qarşı qarşılıqlı zərbələrin dayandırılmasını təklif edir. “Biz dəfələrlə Rusiyaya heç olmasa Pasxa bayramı zamanı atəşi dayandırmağı təklif etmişik. Amma onlar üçün bütün vaxtlar eynidir. Onlar üçün müqəddəs heç nə yoxdur”, – deyə o vurğulayıb.
İmran Kərimli









