Yeni il bayramının yaxınlaşmasına sayılı günlər qalıb. Bir çox insan bu bayramı sevinclə qarşılasa da, bəzi şəxslər onu İslam dininə uyğun hesab etmir və qeyd etməkdən çəkinirlər. Hətta bəzən Yeni ili qeyd edənlərə qarşı mənfi və aqressiv münasibət nümayiş etdirildiyi hallara da rast gəlinir. Yeni il bayramını qeyd etmək haram və ya günah hesab olunurmu?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Yeni il məsələsi İslamda “haram–halal” çərçivəsində düşünülməli bir ibadət mövzusu deyil, daha çox adət, mədəniyyət və zaman anlayışı ilə bağlı bir mövzudur.
İlahiyyatçının sözlərinə görə, Yeni il nə Quranda dini bayram kimi təqdim olunur, nə də onu qeyd edən insan haqqında “günahkardır” hökmü verilir. Yeni il sadəcə təqvimdə bir rəqəmin dəyişməsidir: bu gün 2025, sabah 2026. Din rəqəmlərlə yox, niyyətlə və əməllə maraqlanır.
“Bəzi insanlar yeni ili xristian bayramı adlandıraraq onun qeyd edilməsini İslama zidd kimi təqdim edirlər. Tarixi baxımdan, bəli, bu tarix xristian mədəni mühitində formalaşıb. Lakin bugünkü yeni il anlayışı artıq dini məzmundan çıxıb, qlobal zaman ölçüsünə çevrilib. İnsanlar bu gecəni kilsə ayini kimi yox, köhnə ilin başa çatması, yeni ilin başlaması, öz həyatına hesabat vermək, sabaha ümidlə baxmaq kimi yaşayırlar. Burada nə ibadət var, nə aqidə çağırışı, nə də dini simvol”, – deyə Əkrəm Həsənov əlavə edib.
“Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) müsəlmanlara başqa dinlərin bayramlarını dini məzmunla qeyd etməyi qadağan etmiş, onun əvəzində iki böyük bayram – Ramazan və Qurban bayramlarını vermişdir. Bu, İslamın əsas ölçüsüdür və müsəlman öz dini bayramlarını hər şeydən üstün tutmalıdır. Lakin bu hökm başqa bir mədəni günün, dini məzmun daşımayan bir tarix dəyişiminin “haram” elan edilməsinə əsas vermir. Qurani-Kərimdə də buyurulur: “Biz hər ümmət üçün bir yol və bir şəriət müəyyən etdik” (əl-Həcc, 67). Yəni dinlərin öz ibadət sistemləri ayrıdır, lakin mədəni həyat yalnız ibadət üzərindən qurulmur.
“Hər kim bir qövmə bənzəyərsə, o da onlardandır” hədisi də çox zaman yanlış kontekstdə işlədilir. Qədim alimlər bu hədisi dini kimlik və aqidənin təqlidi mənasında izah etmişlər, gündəlik həyatdakı mədəni oxşarlıqlar kimi yox. Əgər hər mədəni oxşarlıq haram sayılsaydı, bu gün istifadə etdiyimiz təqvim, saat, texnologiya, geyim forması belə problemə çevrilərdi. Din zahiri formaya yox, daxili mənaya baxır”, – ilahiyyatçı vurğulayıb.
Əkrəm Həsənov sonda qeyd edib:
“Azərbaycan cəmiyyətinin öz tarixi var. Biz yetmiş il ateist sistemdə yaşamışıq, paralel olaraq xristian rus mədəniyyətinin təsiri altında formalaşmışıq. Bu gün isə tolerant, çoxdinli və çoxmillətli bir cəmiyyətik. İnsanlar yeni ili dini bayram kimi yox, ailəvi, ictimai, mənəvi bir gecə kimi yaşayırlar. Bu reallığı görmədən verilən sərt dini hökmlər insanları dindən uzaqlaşdırır, dinə yaxınlaşdırmır.
Üstəlik, 31 dekabr Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün milli birliyin, həmrəyliyin, vətənə bağlılığın rəmzidir. Burada dinə zidd heç nə yoxdur. Əksinə, İslam örfə və adətə böyük önəm verir. Fiqhin əsas qaydası budur: “Əşyada əsas olan ibahədir”, yəni bir şey haramdır demək üçün açıq dəlil lazımdır. Əgər bir adətdə haram əməl yoxdursa, o adət qadağan edilmir. Haram yemək, haram içmək, əxlaqsızlıq ilin hər günü haramdır, təkcə 31 dekabrda yox.
Ona görə də mənim mövqeyim açıqdır: yeni ili qeyd etmək insanı dindən çıxarmır. Bu gecəni bütün dünya insanları ilə birlikdə zamanın dəyişməsi, özünü hesaba çəkmə, yeni niyyətlərə başlama gecəsi kimi yaşamaq mümkündür. Əgər bu, haramsız, sakit və mənalı şəkildə olursa, burada dini problem axtarmaq doğru deyil. Problem gecədə yox, niyyətdədir.
Din insanı zamandan qoparmaq üçün yox, zamanın içində düz saxlamaq üçün gəlib. Rəqəmlər dəyişir, illər keçir. Əsas olan odur ki, insan bu dəyişimin içində imanını, vicdanını və mənəvi ölçüsünü itirməsin. Mən yeni ili məhz bu baxışla qiymətləndirirəm.”
Dəniz Pənahova










