Bakı şəhərinin Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən ərazidə aparılan tikinti işləri yerli sakinlərin narazılığına səbəb olub.
Tribuna.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya müraciət edən sakinlər iddia edirlər ki, “VİP Construction” MMC tərəfindən həyata keçirilən tikinti zamanı çoxsaylı ağaclar kəsilib və bu hal aidiyyəti qurumlara bildirilib, tədbir cavabı olaraq da dəfələrlə cəzalandırıldığı deyilib.
Şikayətçilərin sözlərinə görə, aprelin 16-sı tikinti aparılan ərazidə yerləşən bəzi ağaclar gecə saatlarında kəsilib. Hazırda isə ərazidəki digər ağaclar da kəsilmə təhlükəsindədir. Belə ki, tikinti materialları və dəmir konstruksiyalar ağacların üzərindən daşınır, bu da onların məhv olma riskini artırır.
Bildirilib ki, digər narahatedici məqam tikintinin aparıldığı ərazinin elektrik yarımstansiyasına yaxın olmasıdır. İddialara əsasən, bina yarımstansiyaya təxminən 10-15 metr məsafədə inşa olunur ki, bu da təhlükəsizlik baxımından təşviş doğurur.
Vətəndaşlar qeyd ediblər ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə də müraciət olunub və qurum tərəfindən cavab olaraq tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verildiyi vurğulanıb.
Mövzu ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində ağacların kəsilməsi ilə bağlı xidmətə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Araşdırma zamanı “VİP Construction” MMC tərəfindən sözügedən ərazidə tikinti işləri aparılan zaman çoxgövdəli iki ağacın gövdələrindən ikisinin kəsilməsi nəticəsində ağacların zədələndiyi, lakin bioloji inkişafdan qalmadığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Ərazidəki digər ağaclar inventarlaşdırılaraq identifikasiya nömrələri ilə işarələnib və agac.az portalına yerləşdirilib.
Eyni zamanda, MMC-nin hüquqi şəxs qismində cərimə olunması məqsədilə toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə MMC 3000 manat məbləğində cərimə edilib.
Əraziyə keçirilən növbəti baxış zamanı 1 ağacın kəsildiyi müəyyən olunub. “VİP Construction” MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə qanunamüvafiq tədbirlər görülür”.











