Xəzər rayonundakı qanunsuz tikili narazılıq yaratdı — VİDEO

Xəzər rayonundakı qanunsuz tikili narazılıq yaratdı — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonu, Buzovna qəsəbəsi, Əziz Mirəhmədov küçəsində – sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 3 saylı internat məktəbinin qarşısında 400 kvadratmetrlik obyektin qanunsuz inşa edildiyi barədə redaksiyamıza çox sayda məlumat daxil olub.

Tribuna.az-ın redaksiyasına sakinlər tərəfindən verilən məlumatda bildirilib ki, tikintisi aparılan obyektin Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə icra nümayəndəsi Emin Əliyevə məxsusdur. Məlumatlara əsasən, obyektin qanunsuz tikilməsinə baxmayaraq, məsələ ilə bağlı hər hansı narahatlıq nümayiş etdirilir. Hətta məsələ sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrilib.

Məsələni aydınlaşdırmaq üçün Tribuna.az dəfələrlə Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd edib. Lakin qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi, eləcə də Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna aid nömrələrə (454-38-47, 454-54-75) zənglərə cavab vermir.

Eyni zamanda, nə Xəzər Rayon İcra Hakimiyyətindən, nə də Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən zənglərimizə və sorğularımıza cavab verilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova işdə yol verilən nöqsanlarla bağlı şifahi xəbərdarlıq edildiyi barədə məlumat yayılmışdı. Mövcud iddialar fonunda məsələ əlavə suallar doğurur.

Tribuna.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.