“Xalq Bank”da vəziyyət ruscadır: Mənfəəti kəskin azalıb, pullar geri çəkilib
“Xalq Bank” ASC-nin 2026-cı ilin ilk 9 ayında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 53,3% və ya 27,5 milyon manat azalaraq 24,1 milyon manata düşüb.
Tribuna.az xəbər verir ki, ötən ilin müvafiq dövründə bank 51,5 milyon manat xalis mənfəət əldə etmişdi.
Bankın balans göstəricilərində də ciddi azalma qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk 9 ayında aktivlər 11,2% və ya 356,6 milyon manat azalaraq 2 milyard 827,9 milyon manata enib.
Eyni zamanda, bankın depozit portfeli 16,8% və ya 322,8 milyon manat kiçilərək 1 milyard 598,5 milyon manat təşkil edib.
O cümlədən fiziki şəxslərin depozitləri 136,4 milyon manat azalaraq 698,5 milyon manata, hüquqi şəxslərin depozitləri isə 186,4 milyon manat azalaraq 900 milyon manata düşüb.
Bununla yanaşı, bankın kredit portfeli 3,4% artaraq 1 milyard 910,9 milyon manata yüksəlib.
Beləliklə, “Xalq Bank”ın həm mənfəətində, həm də aktiv və depozit portfelində ciddi geriləmə müşahidə olunub.
Qeyd edək ki, 2004-cü ildə yaradılmış “Xalq Bank”ın nizamnamə kapitalı 477,1 milyon manat təşkil edir.
Fərda Uğur









