Xalça Muzeyinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi ilə “LèRami” art studiyasının tələbələrinin iştirakı ilə “Aether” adlı qrup sərgisi keçirilib.
Tribuna.az xəbər verir ki, sərgidə Təranə Quliyeva, Lalə Həviyeva, Sevinc Məhəməliyeva, Sabina Quliyeva, Fidan Vəlizadə, Günel Taşkın, Asiman Şükürova, Vüsalə Nuruzadə, Günel Amanova, Zümrüd Məmmədova, Tamilla Kazımlı, Aytac Nağıyeva, Nigar Kərimova, Aytən Baxşıyeva, Aytən Hüseynova İsmayılova, Nərgiz Əbilova, Ayan Hüseynova, Aysu Məmmədli, Suri Hüseyn və Aynur Şahbalayeva öz rəsm əsərləri ilə iştirak ediblər.
Qeyd edək ki, Ramilə Şamilova estetik dünyaya böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət yolçuluğu 12 yaşında başlayıb və Əzim Əzimzadə adına Rəssamlıq Kolleci, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almaqla davam edib. O, həmçinin London Müasir İncəsənət Muzeyinin “Müasir İncəsənət və İdeyalar” kursunda onlayn təhsil alıb. R.Şamilova bu günə qədər bir sıra sərgilərdə kurator kimi çıxış edib və öz əsərlərini nüfuzlu sənət məkanlarında nümayiş etdirməyə nail olub.
Ramilə Şamilovanın tələbələri isə sənət dünyasında öz yollarını formalaşdırmaqda davam edirlər. Bu il keçirilən sərgidə 35 rəssamın ümumilikdə 85 rəsm əsəri nümayiş olunub. Ekspozisiyada əsasən 30 yaşdan yuxarı rəssamların, eləcə də bir uşaq rəssamın əsərləri yer alıb.
Sərgi Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Ekspozisiya iştirakçıların yaradıcılıq müxtəlifliyini və sənətə fərdi yanaşmalarını aydın şəkildə əks etdirir.
“LèRami” art studiyasının əsas məqsədi xüsusilə 30 yaşdan yuxarı qadınları bir araya gətirməkdir. Vaxtilə rəsmlə məşğul olmaq istəsələr də, müxtəlif səbəblərdən bunu reallaşdıra bilməyən iştirakçılar bu studiyada uşaqlıq arzularını gerçəkləşdirirlər. Burada təkcə rəsm çəkmək deyil, eyni zamanda daxili dünyanı kəşf etmək, özünü yenidən tanımaq və ifadə etmək əsas hədəfdir. Bir çox iştirakçı bu prosesi “özümü yenidən xatırladım” kimi ifadə edir.
Sərgidə iştirak edənlərin demək olar ki, hamısının fərqli peşə sahələri var. Onlar bu sərgi vasitəsilə həm uşaqlıq arzularını reallaşdırır, həm də hobbilərini peşəkar səviyyədə təqdim edərək bunu bacardıqlarını özlərinə və ətrafdakılarına sübut edirlər.
İmran Kərimli


















