Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, pedaqoq və kurator Ramilə Şamilovanın rəhbərliyi ilə fəaliyyət göstərən “LèRami” art studionun tələbələrinin iştirakı ilə “Aether” adlı qrup sərgisi təşkil olunacaq.
Tribuna.az xəbər verir ki, sərgi 29 yanvar – 1 fevral 2026-cı il tarixlərində Xalça Muzeyinin Sərgi Qalereyasında baş tutacaq.
Ramilə Şamilova estetik dünyaya böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət yolu 12 yaşında başlayıb və Əzim Əzimzadə adına Rəssamlıq Kollecində, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alması ilə davam edib. O, eyni zamanda London Müasir İncəsənət Muzeyinin “Müasir İncəsənət və İdeyalar” kursunu onlayn şəkildə bitirib. R. Şamilova bu günə qədər bir çox sərgilərdə kurator kimi fəaliyyət göstərib və öz əsərlərini nüfuzlu sərgi məkanlarında nümayiş etdirmək imkanı qazanıb.
“Aether” qrup sərgisi Ramilə Şamilovanın pedaqoji fəaliyyətinin və onun tələbələrinin bədii inkişafının nəticələrini əks etdirir. Sərgidə 35 rəssamın ümumilikdə 85 əsəri təqdim olunur. İştirakçıların əksəriyyəti 30 yaşdan yuxarıdır, eyni zamanda sərgidə uşaq rəssamların əsərləri də yer alır. Ekspozisiyada yağlı boya və qrafika texnikasında hazırlanmış, ölçüləri A5 formatından 2 metrədək dəyişən əsərlər nümayiş etdirilir.
“LèRami” art studionun əsas məqsədi, xüsusilə 30 yaşdan yuxarı qadınların vaxtilə reallaşdıra bilmədikləri uşaqlıq arzularını sənət vasitəsilə həyata keçirmələrinə şərait yaratmaqdır. Studiyada iştirakçılar təkcə rəsm çəkməklə kifayətlənmir, eyni zamanda öz daxili dünyalarını ifadə edir, özlərini yenidən tanıyır və yaradıcılıq vasitəsilə daxili balanslarını bərpa edirlər. Bir çox iştirakçı bu prosesi “özümü sanki unutmuşdum, yenidən xatırladım” kimi təsvir edir.
Sərgidə iştirak edən rəssamların demək olar ki, hər birinin fərqli peşə sahəsi var. Onlar bu sərgi vasitəsilə həm uşaqlıq arzularını reallaşdırdıqlarını, həm də hobbilərini peşəkar səviyyədə təqdim etməyi bacardıqlarını nümayiş etdirirlər.
Sərginin açılışı: 30 yanvar 2026-cı il, saat 19:00 (giriş dəvətnamə ilə)
Sərginin iş rejimi: 31 yanvar, saat 10:00–18:00 (giriş sərbəstdir)
Ünvan: Bakı şəhəri, Mikayıl Hüseynov prospekti 28, Xalça Muzeyi (1-ci mərtəbə)
İmran Kərimli










