Avqustun 15-dən Metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin məhdudlaşdırılması və bu istiqamətdə işlərin təxminən 11 ay davam etməsi çətinlik yaradacaq. Bu az müddət deyil. Bu müddətdə sərnişinlərin gündəlik xərcləri də artacaq.
Bu sözləri Tribuna.az-a açıqlamasında hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib. O qeyd edib ki, xüsusilə şəhərin əsas nəqliyyat xətlərindən birinin uzun müddət məhdudlaşdırılması vətəndaşların həm vaxt, həm də əlavə maliyyə itkisi ilə üzləşməsinə səbəb olacaq:
“Məsələn, Həzi Aslanov istiqamətindən gələn sərnişin “28 May” stansiyasında düşərək alternativ nəqliyyatdan istifadə etməli, daha sonra “Nizami” istiqamətində hərəkət etmək üçün yenidən ödəniş etməli olacaq.
Burada məsələ yalnız metro xəttinin bağlanması deyil. Əsas problem sərnişinin bundan sonra hər gün hansı marşrutla, nə qədər vaxta və hansı xərc hesabına mənzil başına çatacağıdır.
Əgər sərnişin bir istiqamətdə əlavə ödəniş etməli olacaqsa, bu, ayın sonunda ailə büdcəsinə də təsir göstərəcək”.
Hüquq müdafiəçisi xüsusilə Əhmədli, Həzi Aslanov və digər ətraf ərazilərdən şəhərin mərkəzinə gedən sərnişinlərin vəziyyətinə diqqət çəkib:
“Ən böyük çətinliklərdən biri də sentyabr ayından etibarən özünü göstərə bilər. Tələbələr universitetlərə qayıdacaq, sərnişin sıxlığı artacaq. 28 May–Nizami istiqamətində sərnişinlərin avtobuslarla daşınması nəzərdə tutulursa, bu nəqliyyatın tutumu, intervalı və ödəniş məsələsi əvvəlcədən çox dəqiq planlaşdırılmalıdır.
Əks halda metroda yaranan yük digər nəqliyyat vasitələrinin üzərinə keçəcək.
İnsanlar işə, tələbələr dərsə, valideynlər övladlarını məktəbə aparıb-gətirməyə məcburdur. Nəqliyyat infrastrukturunda təmir və yenilənmə əlbəttə ki, zəruridir. Amma belə uzunmüddətli işlər zamanı əsas prinsip vətəndaşın rahatlığının maksimum qorunması olmalıdır”.
Nigar İxtiyarqızı










