Vətəndaşlar Azərbaycan Yerütsü Nəqliyyat Agentliyinin fəaliyyətindən və qurumun rəhbəri Anar Rzayevdən narazıdır. Bu barədə narazı vətəndaşlar AYNA-nın sosial şəbəkə səhifəsindəki paylaşımlarının altında açıq şəkildə yazırlar.
Tribuna.az xəbər verir ki, şikayətçi Emin Qədirov AYNA-nın fəaliyyətini sıfır olaraq qiymətləndirib. O bildirib ki, bu qurum vətəndaşların xeyrinə heç bir addım atmır:
“AYNA-nın fəaliyyətini şəxsən mən 0 qiymətləndirirəm. Çünki vətəndaşın xeyrinə heç bir addım atmırlar. Hər yeri zəbt edib, pullu xidmət yaradıb pul yığmaq iş deyil. Nə yol təsərrüfatınız normaldır, nə xətləməniz düzdür, Yağış yağan kimi xətlər yoxa çıxır.
Biri yol kənarında saxlayıb kimisə mindirib-düşürə bilmir, cərimələyirlər o dəqiqə. Bayıldan düz Heydər Əliyev prospektinə kimi 2 yerdə mindirib-düşürmə işarəsi var. O da nəqliyyat axınına görə demək olar ki, mümkün deyil. AYNA-nın dövlət büdcəsinə vurduğu zərər millətin əsəbiylə narahatçılığıyla, qarğışıyla yığdığınız puldan çoxdur”.
AYNA-nın fəaliyyətindən narazı olanlardan biri də Vlad Baskov adlı vətəndaşdır. O təklif edib ki, AYNA sədri bir dəfə xidməti avtomobilindən düşüb Balaxanıya avtobusla gəlsin:
“Anar müəllimə deyin ki, Balaxanı sakinləri xahiş edir ki, bir gün pik saatlarda özünün bahalı xidməti avtomobilindən düşüb bizim 105 nömrəli marşruta minsin. Özünü bizlərdən biri kimi hiss etsin. Çox xahiş edirik. Xahişimizi, zəhmət olmasa, çatdırın ona”.
Narazılığını bildirən Cəmilə Ağayeva isə bildirib ki, AYNA edilən müraciətləri yerinə yetirmir:
“AYNA-ya bir sualim var! Siz söz verəndə neçə müddətdən sonra yerinə yetirirsiz? Sualım sizə qəribə gəlməsin, çünki noyabr ayında yazmısınız ki, 206 və 71 nömrəli avtobuslar yenilənir. 71-dən xəbərim yoxdur, amma 206 eyni veziyətdədir. Avtobuslar sınıq-salxaq, qışda soyuq, yayda isə bürküdən əziyyət çəkirik”.
Xatırladaq ki, yaxın günlərdə AYNA rəhbəri Anar Rzayevin aldığı aylıq maaşın 19 min 500 manat olduğu məlum oldu. Bu məlumat da sosial şəbəkələrdə narazılığa səbəb olmuş, Anar Rzayev tənqid edilmiş, onun gördüyü işlər qarşılığında aldığı nəvacibin uyğun olmadığı bildirilmişdi.
Gülşən Rəsul











