Venesueladan sonra Trampın yeni hədəfləri: Qrenlandiya, Kuba, Kolumbiya

Venesueladan sonra Trampın yeni hədəfləri: Qrenlandiya, Kuba, Kolumbiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Venesuelada keçirdiyi xüsusi əməliyyatdan sonra prezident Donald Tramp diqqətini digər ölkələrə yönəldib.

Tribuna.az Associated Press-ə istinadən xəbər verir  ki, Tramp Qrenlandiyanın ələ keçirilməsi ideyasını yenidən gündəmə gətirib, Kolumbiyaya qarşı isə hərbi hədələr səsləndirib. Dövlət katibi Marko Rubionun açıqlamaları da göstərir ki, Vaşinqton Qərb yarımkürəsində təsirini artırmaqda israrlıdır.

AP xatırladır ki, Tramp ikinci prezidentlik dövrü üçün milli təhlükəsizlik strategiyasında “Qərb yarımkürəsində Amerikanın üstünlüyünün bərpası”nı əsas hədəf kimi müəyyən edib. O, həmçinin Avropa kolonializminə qarşı yönəlmiş Monro doktrinasına və ABŞ-ın vaxtilə Panamanın Kolumbiyadan ayrılmasını əsaslandıran Ruzvelt əlavəsinə istinad edib.

Danimarkada narahatlıq
Venesuela əməliyyatından sonra Danimarkada ciddi narahatlıq yaranıb. Səbəb – Danimarkanın tabeliyində olan, zəngin yeraltı sərvətlərə malik Qrenlandiyadır. Baş nazir Mette Frederiksen bildirib ki, Trampın bu əraziyi ilhaq etməyə heç bir hüququ yoxdur və ABŞ-ı “tarixi müttəfiqini hədələməməyə” çağırıb.

Danimarka eyni zamanda Aİ-nin Venesuela xalqının öz gələcəyini müəyyən etməli olduğunu vurğulayan bəyanatını da imzalayıb. Bu, Trampın Venesuelanı “idarə etmək” niyyəti və müvəqqəti prezident Delsi Rodrigesə təzyiqləri fonunda baş verib.

Buna baxmayaraq, Tramp Danimarkanın Qrenlandiyada təhlükəsizliyi gücləndirmə cəhdlərini lağa qoyub. Tramp administrasiyasının sabiq rəsmisi Keti Millerin Qrenlandiyanı ABŞ bayrağının rənglərində göstərən və “Tezliklə” yazılmış paylaşımı isə həm danimarkalıları, həm də qrenlandiyalıları qəzəbləndirib.

Kubaya açıq mesaj
Trampın açıqlamaları Kubanı da ciddi narahat edib. Marko Rubio bildirib ki, Maduronun təhlükəsizliyini kubalı hərbçilər qoruyurdu, Venesuelanın daxili kəşfiyyatına da məhz kubalılar nəzarət edirdi.

Tramp isə deyib ki, illərdir ABŞ embarqosu altında olan Kuba iqtisadiyyatı artıq acınacaqlı vəziyyətdədir və Maduronun devrilməsi ilə daha da çökəcək. Çünki Venesuela Kubanı ucuz neftlə təmin edirdi.

Kolumbiyaya hədə
Tramp Venesuela əməliyyatından sonra Kolumbiyanı da hədəfə alıb. O, bu ölkənin “kokaindən zövq alan və onu ABŞ-a satan xəstə bir adam tərəfindən idarə olunduğunu” iddia edib.

Jurnalistlərin ABŞ-ın Kolumbiyaya qarşı əməliyyat keçirə bilib-bilməyəcəyi sualına isə Tramp qısa cavab verib:
“Bu, xoşuma gəlir.”Qeyd edək ki, daha əvvəl Kuba hakimiyyəti Venesueladakı ABŞ əməliyyatı zamanı 32 kubalı zabitin öldüyünü rəsmən təsdiqləmişdi. Tramp isə əməliyyatdan sonra “Kuba artıq yıxılmağa hazırdır” deyərək, Vaşinqtonun əlavə addım atmadan belə bu prosesin baş verə biləcəyini bildirib.

İmran Kərimli