Venesuela ssenarisi: Növbəti hədəf kimdir? BMT niyə susur?

Venesuela ssenarisi: Növbəti hədəf kimdir? BMT niyə susur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada baş verən son siyasi proseslər beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub.

Tribuna.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı hadisəyə münasibət bildirərək bildirib ki, Venesuelada baş verən son proseslər dünya tərəfindən diqqətlə izlənilir.

C. Abbaslının sözlərinə görə, açığı, burada beynəlxalq hüququn pozulduğu göz önündədir. Bir dövlətin rəhbərini həyat yoldaşı ilə birlikdə tutub gətirirsən öz ölkənə. Bu, düşünürəm ki, dünya tərəfindən normal qarşılanmamalıdır. Təəssüflər olsun ki, artıq dünya da birqütblü görünməyə başlayıb. Amerika hər zaman demokratiya pərdəsi adı altında özünü digər ölkələrdə gizlədib. Benzin və digər təbii sərvətləri ələ keçirmək üçün hücumlar edib. Və Venesuela da bunların davamı kimidir.

Siyasətçi keçmişdən misal gətirərək qeyd edib:

“2000-ci illərdə Əfqanıstan və İraqa da eyni ittihamlarla hücumlar oldu. İllər sonra məlum oldu ki, əslində bu ittihamların heç bir gerçəkliyi yoxdur. Səddam Hüseyn kimi bir müsəlman ölkəsinin lideri edam edildi”.

“Bu proseslər heç də ürəkaçan və normal deyil. Dünya da seyirci qalıb. Artıq digər ölkələr də ABŞ -ın hədəfinə tuş gələ bilər. Narkotiklə bağlı hücum olunsa da, ortada bir fakt yoxdur. Trampın sözlərindən başqa heç nə yoxdur. Bu Beynəlxalq hüquq normalarının sıfıra salınmasıdır. BMT kimi təşkilat hara baxır?! Bütün bunlar onu göstərir ki, dünya beşdən böyük deyil. Beşliyə daxil olan ölkələr istədiklərini edə bilərlər. Digərləri isə buna ya seyirci qalmalıdır, ya da azacıq müqavimətləri olacaqsa, sıradan çıxarılacaqlar. Bu da dünya düzəninin ciddi şəkildə pozulmasından xəbər verir”.

Azərbaycan kimi ölkələrin mövqe məsələsinə toxunan Cavanşir Abbaslı deyib:

“Azərbaycan kimi ölkələr təbii ki, burada ciddi şəkildə mövqe ortaya qoya bilməzlər. Sadəcə, dolayısı ilə öz mövqelərini beynəlxalq hüquq normalarına uyğun şəkildə bildirməlidirlər. Təbii ki, biz, öz neytral mövqeyimizi daha çox qorumalıyıq. Çünki belə proseslərdə “qurbanlıq quzu” kimi seçilməməliyik.”

Dəniz Pənahova