Azərbaycanda uşaqlar arasında sürətlə yayılan təhlükəli virus qeydə alınıb. Xəstəliyin əsas simptomlarına 40 dərəcəyədək yüksələn hərarət, nəfəs darlığı və ürəkbulanma daxildir. Yoluxan uşaqların əhəmiyyətli bir hissəsində ağciyər iltihabı – pnevmoniya müəyyən edilib. Bu virusdan qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, hal-hazırda bütün dünyada, həmçinin respublikamızda epidemioloji vəziyyəti xeyli mürəkkəbdir.
Adil Qeybullanın sözlərinə görə, bir tərəfdən davam edən COVID-19 virusu, xəstəlik törədən SARS‑CoV‑2 virusu mövcuddur. “Omikro” ştamının mutasiya variantları davam edir. Ona görə də epidemiyalar hələ də mövcuddur.
Ölkəmizdə uşaqlar arasında vüsət alan viruslar bağlı ekspert deyib:
“Hazırda uşaqlar arasında yayılan İnfluenza və Respirator Sinsitial virusdur. Respirator Sinsitial virus hazırda daha ağır gedişlə müşahidə olunur. Ümumiyyətlə, bu viruslar RNT daşıyıcı viruslar olduğuna görə periodik mutasiyaya uğrayırlar. Ona görə də hadisələrini dəyişirlər. İndi onların göstərdiyi performans intoksikasiya əlamətləri daha güclüdür.”
Simptomlar barədə danışan A. Qeybulla əlavə edib:
“Yoluxmuş uşaqlar qısa müddətdə burun tutulması, öskürək, asqıraq, yuxarı tənəffüs yollarının iltihabi prosesi, ümumi halsızlıq, zəiflik, qızdırma, əzələ, bel və baş ağrıları şikayətləri ilə adətən klinikaya müraciət edirlər.”
Müalicə metodlarından bəhs edən ekspert qeyd edib:
“Əslində, ən düzgün odur ki, uşaqlar xəstələndikdə, virusların hər hansı bir əlaməti müşahidə edildikdə, yaxşı olar ki, onlar məktəbdən azad edilsin. Ev şəraiti, yataq rejiminə keçirilsin. Çoxlu maye verilsin. Əgər narahatlıq artarsa, o zaman həkimə müraciət edilsin. Boş-boşuna uşaqlara antibiotik vermək qəti məsləhət deyil. Çünki antibiotikin virusa heç bir təsiri yoxdur. Əgər atəş 38.4-dən yuxarı olarsa, bu zaman qızdırmanı endirmək üçün parasetamoldan istifadə etmək olar. O da həkim nəzarəti ilə olmalıdır. Mən hesab edirəm ki, bu məsələlərdə insanlar bəzən özbaşına müalicə etdiklərinə görə, proplaktik qaydalara əməl etmədiklərinə görə, xəstəlik yayılmağa doğru gedir. Xəstəliyi ayaqüstü keçirmək, kollektivə getməsi, məktəblərdə, universitetlərdə, ictimai nəqliyyatda xəstəliyin yayılmasına səbəb olur. Yaxşı olar ki, insanlar ictimai nəqliyyatlarda maska ilə gəzsinlər. Çünki xəstəliyin gizli dövründə bunu bilmək mümkün deyil. Bu proplaktik dövr xeyli yoluxmaların qarşısını alar və problem də vaxtında həllini tapar.”
Dəniz Pənahova










