Sosioloq Sənubər Heydərova Azərbaycanda fəaliyyət göstərən uşaq və qadın qaynar xətlərinin fəaliyyəti ilə bağlı bir sıra ciddi məqamları üzə çıxarıb.
Tribuna.az yazır ki, sosioloq bildirib ki, illərdir mövcud olan Uşaq Qaynar Xətti dövlət qurumuna deyil, “Ümidli Gələcək” adlı təşkilata məxsus imiş.
Ancaq hazırda həmin qaynar xəttin nömrəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilib. Lakin faktiki olaraq nömrə komitəyə aid deyil. Ancaq nömrənin komitəyə məxsus olmadığı barədə saytda heç bir qeyd yoxdur.
Sosioloq diqqətə çatdırıb ki, eyni qaynar xətt nömrəsi həm də “Azercell” tərəfindən “Women Hotline” adı altında layihə kimi təqdim olunub.
Hətta bir həftə əvvəl məişət zorakılığına məruz qalmış qadın üçün psixoloji dəstək axtarışı zamanı ona “Azercell”in layihəsi tövsiyə edilib. Lakin qadın orada lazımi kömək ala bilməyib və ona heç bir kömək göstərilməyib, onunla maraqlanmayıblar.
Mövcud olan qaynar xəttə hansı qurumun, kimin nəzarət etdiyi məlum deyil. Maraqlıdır, zorakılığa məruz qalmış qadın və uşaqların son ümid yeri olan bu xəttlərə kim nəzarət edir?
Məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Gülşən Rəsul










