Ukrayna Prezidenti Volodimir Zelenskyy ölkə ordusunun yeni əks-hücum əməliyyatları zamanı təxminən 300 kvadrat kilometr ərazini nəzarətə götürdüyünü açıqlayıb.
Tribuna.az xəbər verir ki, bubarədə o, “France-Presse” (AFP) agentliyinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna qüvvələri cənub cəbhə xətti boyunca irəliləyir: “Təfərrüatlara varmayacağam, lakin bu gün ilk növbədə ordumuzu və bütün müdafiə qüvvələrimizi təbrik edə bilərəm”.
Prezident azad edilən ərazilərin hansı müddətdə geri qaytarıldığını dəqiqləşdirməyib. Qeyd olunur ki, 300 kvadrat kilometr ərazi təxminən Xarkov şəhərinin sahəsinə bərabərdir.
AFP yazır ki, hərbi bloqerlər əldə olunan bəzi uğurların cəbhə xəttində qeydiyyatsız internet terminallarının – “Starlink” sistemlərinin kütləvi şəkildə söndürülməsi ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Zelenski isə bildirib ki, Kiyev mövcud vəziyyətdən istifadə edir, lakin Ukrayna qüvvələrinin də bu kəsintilər səbəbindən müəyyən çətinliklərlə üzləşdiyini etiraf edib. Onun sözlərinə görə, bəzi çətinliklər var, lakin Rusiya tərəfinin üzləşdiyi uğursuzluqlar “daha ciddi xarakter daşıyır”.
Sənan Məmmədli









