Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, iyulun 26-na keçən gecə Müdafiə Qüvvələri Rusiyanın hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə işğal altında olan ərazilərdə bir sıra mühüm hərbi və hərbi-iqtisadi hədəflərə zərbələr endirib.
Tribuna.az xəbər verir ki, zərbələrdən biri Krımın Vnukovo yaşayış məntəqəsi yaxınlığında yerləşən “Çernomornefteqaz” obyektinə endirilib və hədəfin vurulduğu təsdiqlənib.
Ukrayna Baş Qərargahı qeyd edir ki, Krımın işğalından sonra Rusiyanın nəzarətinə keçən “Çernomornefteqaz” obyektləri təbii qaz və neft məhsullarının hasilatı, saxlanması və daşınması, həmçinin yarımadadakı Rusiya qoşunlarının yanacaq-enerji təminatı üçün istifadə olunur.
Bundan əlavə, Krımın Çernomorskoye rayonu yaxınlığında “Geran” və “Gerbera” tipli zərbə PUA-larının idarə olunmasına xidmət edən yerüstü retranslyatorun da vurulduğu bildirilib. Baş Qərargahın məlumatına əsasən, bu sistemlər pilotsuz uçuş aparatlarının idarəetmə məsafəsini, rabitənin dayanıqlığını və keyfiyyətini artırır.
Digər hədəflər də vurulub
Ukrayna ordusunun açıqlamasına görə:
Donetsk vilayətinin Vıselki yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusunun hərbi logistika üçün istifadə etdiyi avtomobil körpüsü vurulub;
Luqansk vilayətinin Çervonopopovka rayonunda PUA anbarına zərbə endirilib;
Purdivka yaşayış məntəqəsində Rusiya hərbçilərinin cəmləşdiyi ərazi hədəfə alınıb.
Tümen Neft Emalı Zavoduna zərbə təsdiqlənib
Baş Qərargah həmçinin iyulun 25-də Rusiyanın Tümen şəhərində yerləşən Tümen Neft Emalı Zavoduna endirilən zərbənin nəticələrinin təsdiqləndiyini açıqlayıb.
Məlumata görə, illik emal gücü təxminən 7 milyon ton olan zavod Qərbi Sibirin əsas neft emalı müəssisələrindən biridir. Burada avtomobil benzini, dizel yanacağı, aviasiya yanacağı, mazut və digər neft məhsulları istehsal olunur ki, onların bir hissəsi Rusiyanın hərbi-sənaye kompleksi və silahlı qüvvələrinin ehtiyaclarının ödənilməsi üçün istifadə edilir.
Krımla bağlı vəziyyət
Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk hesab edir ki, Rusiyanın “kölgə donanması”na və onun logistika marşrutlarına qarşı həyata keçirilən əməliyyatların Krımın iqtisadiyyatına təsiri yay mövsümünün sonuna doğru daha aydın hiss olunacaq.
Bundan əvvəl isə Cankoy şəhərində mobil rabitə və internetə çıxışın sutkada cəmi səkkiz saatla məhdudlaşdırıldığı bildirilmişdi. Analitiklərin fikrincə, bu addım əsasən hərbi məqsədlərlə – qoşunların və texnikanın hərəkəti barədə məlumatların ötürülməsinin qarşısını almaq, eyni zamanda yerli əhalinin Kremlin istəmədiyi xəbərlərə çıxışını məhdudlaşdırmaq məqsədi daşıyır.
İmran Kərmli









