Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO

Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az unian-a istinadən xəbər verir ki, avqustun 6-da Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl və Başqırdıstan bölgələrində yerləşən iki iri neft emalı zavoduna hücum edib.

Yaroslavl vilayətinin qubernatoru bölgənin PUA hücumuna məruz qaldığını, şəhərdən Moskva istiqamətində çıxışın müvəqqəti bağlandığını bildirib. Yerli sakinlər sosial şəbəkələrdə partlayış səsləri və bir neçə nöqtədən qalxan qara tüstünü əks etdirən görüntülər yayıblar.

Məlumata görə, hücum nəticəsində Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan “Slavneft-YaNOS” (Novo-Yaroslavl Neft Emalı Zavodu) ərazisində yanğın baş verib. Müəssisə ildə təxminən 15 milyon ton neft emal edir və “Avro-5” standartına uyğun benzin, dizel yanacağı, aviasiya kerosini, reaktiv mühərrik yanacağı, müxtəlif sürtkü yağları və digər neft məhsulları istehsal edir. Zavod bundan əvvəl də dəfələrlə Ukrayna dronlarının hədəfinə çevrilmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna qüvvələri cəbhə xəttindən təxminən 1300 kilometr uzaqlıqda yerləşən Başqırdıstandakı “Başneft-Novoyl” neft emalı zavodunu da vurub. Onun sözlərinə görə, Yaroslavl vilayətindəki “Slavneft-YaNOS” zavodu isə Ukrayna sərhədindən təxminən 700 kilometr məsafədə yerləşir.

Zelenski əlavə edib ki, Qara dəniz akvatoriyasında iki hərbi patrul kateri və Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”na aid gəmilər də zərbəyə məruz qalıb.

Qeyd edək ki, “Başneft-Novoyl” Rusiyanın yüksək keyfiyyətli mühərrik, hidravlik və gəmi yağları istehsal edən iri müəssisələrindən biridir. Zavodun ilkin neft emalı gücü ildə təxminən 7 milyon ton təşkil edir.

İmran Kərimli