Çexiyanın LPP şirkəti “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynaya verilməsi planlaşdırılır.
Tribuna.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Aktualne”yə istinadən məlumat yayıb.
Məlumata görə, sınaqların son mərhələsi Ukraynada olacaq, raket Rusiya ordusuna qarşı döyüş şəraitində yoxlanılması üçün təhvil veriləcək. İlk döyüş tətbiqinin 2026-cı ilin yanvar–fevral aylarında həyata keçirilməsi planlaşdırılır, mart ayında isə Çexiyada raketin kütləvi istehsala başlanılacaq. “Defense Express” analitiklərinin qiymətləndirməsinə görə, “Narvhal” hədəfləri 680 km məsafədə vurmaq imkanına malikdir. Bu isə Moskvaya və ya strateji bombardmançı təyyarələrin yerləşdiyi Enqels aviabazasına çata bilmək üçün kifayətdir.
![]()
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, bu xəbər Ukraynanın müxtəlif ölkələrin yeni silahlarının sınaq poliqonuna çevrildiyinin növbəti təsdiqi sayıla bilər:
“Çox təəssüf ki, Ukrayna kimi gözəl ölkə Rusiyanın işğalçı müharibəsi nəticəsində başqa ölkələrin yeni istehsal etdiyi müasir raketlərin və digər silah növlərinin sınaqdan keçirildiyi ünvana çevrilib. Bu, məsələnin zərərli və təəssüfedici acı tərəfi. Amma məsələyə başqa prizmadan baxanda Ukraynanın faydasına olan nüansın da olduğunu qeyd etmək mümkündür. Məsələn, haqqında söhbət gedən Çexiyanın LPP şirkətinin “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynada sınaqdan keçirilməsi ilə yanaşı bu silahın Ukraynaya veriləcəyi də yayılan məlumatda qeyd edilir. “Narvhal” qanadlı raketi yeni nəsil silahdır və hədəfləri 680 km məsafədə vurmaq imkanındadır. 680 kilometr məsafəni vurmaq imkanında olan silahla təmin olunmaq Ukraynanın mövqelərinin güclənməsində müəyyən müsbət rol oynayacaq. Həmin raket Ukrayna ordusuna Moskvanı və Rusiya ordusu üçün son dərəcə mühüm həyati əhəmiyyət daşıyan Enqels aviabazasını vurmaq imkanı yaradar”.









