İran Ticarət və Sənaye Palatasının Araşdırma Mərkəzi Azərbaycan-Ermənistan sülh danışıqları və onun nə zaman reallaşacağı məsələsini araşdırıb.
Tribuna.az xəbər verir ki, mərkəz sülh sazişinin imzalanması üçün üç vacib şərtin yerinə gətirilməsini vacib hesab edib.
Hesabatda deyilir ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi hələ qəti və yekun deyil və tamamlanması üçün üç əsas ilkin şərt mövcuddur. “Sərhəd xətlərinin müəyyən edilməsi birinci şərtdir. Ermənistanla Azərbaycan arasında sərhədin dəqiq müəyyənləşdirilməsi və demarkasiyası çox vacibdir. Sərhəd xəttlərinin dəqiq müəyyən edilməsi və hər iki ölkə tərəfindən tanınması sülh sazişinin əsasını təşkil edir”.
Mərkəz ikinci vacib şərt kimi, ATƏT-in Minsk Qrupunun ləğvini göstərib. “1992-ci ildə Rusiya, Fransa və ABŞ-nin həmsədrliyi ilə yaradılan Minsk Qrupunun ləğvi sülh müqaviləsinin yekunlaşması üçün vacib addım olacaq”.
İran təşkilatı sonuncu, üçüncü şərt kimi isə Ermənistan Konstitusiyasına düzəlişləri göstərib. “Ermənistan Konstitusiyasına düzəlişlərin edilməsi və Qarabağla bağlı iddiaların götürülməsi ölkə daxilində ciddi etirazla qarşılanıb. Lakin bu məsələ həll edilmədən stabil sülh sazişinin imzalanması real deyil”.
Mərkəz yekunda qeyd edib ki, bu məsələlər həll edilmədən, iki ölkə arasında tam və qəti bir sülh sazişi imzalanması mümkün görünmür.
Fərda Uğur









