Azərbaycanda son üç gündə iki yeniyetmə ağır cinayət hadisəsi törədib.
Tribuna.az xatırladır ki, biri Ağcabədi rayonunda, biri Bakıda baş verib.
Belə ki, Ağcabədi rayonunda 7 yaşlı uşaq bıçaqlanıb. Hadisə fevralın 4-ü axşam saatlarında rayonun Aşağı Avşar kəndində baş verib. Kənd sakini, 2019-cu il təvəllüdlü Sübhan Bəşirov 12 yaşlı yeniyetmə tərəfindən 19 bıçaq zərbəsi ilə xəsarətlər yetirilib.
Fevralın 6-da isə Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin müəllimi şagirdi tərəfindən güllələnib. Şagird liseydə müəllimi – 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Hazırda istintaq hərəkətləri aparılır.
Hər iki cinayəti törədən yeniyetmədir. Bəs məktəblilərin cinayətkara çevrilməsinə nə səbəb olur – sosial şəbəkələrdə yayılan videoların yaratdığı aqressiya, ailə tərbiyəsi, psixoloji problemlər, yoxsa nə…
Hər iki hadisə göstərir ki, baş verənlər təkcə kriminal hadisə deyil, bu, dərin təhsil və ailə sisteminin probleminin açıq göstəricisidir. Bu hadisələr bir-birindən ayrı-ayrı faktlar kimi yox, eyni zəncirin halqaları kimi oxunmalıdır. Bir tərəfdə məktəbli əlində silah, digər tərəfdə zorakılıq, aqressiya və nəzarətsiz davranış.
Sual dəyişməlidir – “Bu uşaq niyə belə etdi?” yox, “bu uşaq bu nöqtəyə necə gəlib çıxdı…?”
Burada valideyn nəzarəti, ailədaxili təhlükəsizlik və hüquqi məsuliyyət məsələsi açıq qalır. Uşaq silahı götürüb məktəbə gələ bilirsə, deməli, problem evdən başlayır.
Digər tərəfdən, məktəb mühiti də sual altındadır. Psixoloji gərginlik, müəllim–şagird münasibətlərindəki çatlar, emosional partlayış nöqtəsinə gələn yeniyetmələr. Bunlar uzun müddətdir görünən, amma yetərincə ciddiyə alınmayan risklərdir. Məktəbdə psixoloq var, amma uşaq dinlənilmir. Bu gün 100 məktəbdə psixoloqlar arasında sorğu keçirin, görün, onlar hansı şagirdi dinləyib?
Bu hadisələr bizə açıq mesaj verir: təhlükə artıq qapının çölündə deyil, sinif otaqlarının astanasındadır…
Dəniz Pənahova









