Dövlət Turizm Agentliyi (DTA) Kulnariya Mərkəzi ilə bağlı daha bir tender keçirib.
Tribuna.az xəbər verir ki, dünən reallaşan tenderə əsasən Neftçi Qurbanov küçəsi 136 nömrəli ünvanda yerləşən Kulinariya Mərkəzi üçün mətbəx avadanlıqlarının satın alınması həyata keçiriləcək.
Məlumatda qeyd edilir ki, qalib “RİNOKS” MMC olub. Mətbəx mebellərinin alınması üçün isə 181 min 62 manat xərclənəcək.
Tribuna.az bununla bağlı açıq mənbələr üzərindən qısa araşdırma aparıb. Məlum olub ki, DTA Kulnariya Mərkəzi ilə bağlı son bir ildə toplam 4 tender keçirib. Məsələn, Agentlik 03.11.2025-ci il tarixdə Mərkəz üçün mebel alıb. Yəni, bir ay öncə “TƏLƏT” FİRMASI ilə bu məqsədlə 15 min 929 manatlıq müqavilə bağlayıb.
Qəribədir ki, Turizm Agentliyi Kulinariya Mərkəzinə ötən ilin noyabrında da mətbəx avadanlıqları alıb. Həmin vaxt tenderin qalibi “RR-2019” MMC olub. Həmin avadanlıqların alınmasına isə 256 min 632 manat xərc çəkilib.
Bundan başqa, Agentlik Mərkəzin ətrafında bir ildə iki dəfə abadlıq işləri də aparıb. Məsələn, “TƏLƏT” FİRMASI ilə bu məqsədlə bu ilin sentyabrında 38 min 160 manatlıq razılaşma əldə edilib.
Keçən ilin sentybarında isə analoji işlərin həyata keçirilməsi üçün “PROMOR” MMC ilə müqavilə bağlanılıb. Bunun üçün isə 638 min 675 manat xərclənib.
Qeyd edək ki, Kulnariya Mərkəzinin son bir ildə mətbəx mebeli, avadanlıq və abadlıq işlərinə ümumilikdə 1 milyon 130 min 458 manat xərclənib.
Maraqlı sual isə budur: Görəsən, Kulnariya Mərkəzinə bu qədər vəsaitin xərclənməsinə nə gərək var? Və Mərkəz çəkilən bunca xərclərin qarşılığını hansı səviyyədə verə bilir?
Tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur









