Turistlər tək səyahət etmələrinin əsl səbəblərini açıqladılar

Turistlər tək səyahət etmələrinin əsl səbəblərini açıqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər tək səyahətə çıxan insanların sayı sürətlə artır. Əgər əvvəllər bunun əsas səbəbinin səyahət yoldaşının olmaması olduğu düşünülürdüsə, indi bir çox turist bu seçimi şüurlu şəkildə edir.

Tribuna.az UNIAN-a istinadən xəbər verir ki, Opodo turizm şirkətinin hazırladığı “2026-cı ildə solo səyahət trendləri: Məna daşıyan tək səfərlər ili” adlı araşdırma bunu bir daha təsdiqləyir. Sorğuda dünyanın müxtəlif ölkələrindən 9 min turist iştirak edib. Ən böyük respondent qrupu isə Böyük Britaniyadan olub – təxminən 2 min nəfər.

Sorğunun nəticələrinə görə, britaniyalıları 2026-cı ildə tək səyahət etməyə sövq edən əsas səbəblər bunlardır:

Sərbəst qərar vermək imkanı – Respondentlərin 32 faizi hər günü yalnız öz maraqlarına uyğun planlaşdırmaq istədiklərini bildirib.
Səyahət yoldaşının olmaması – 30 faiz iştirakçı dost və ya ailə üzvləri ilə ortaq qərara gələ bilmədikləri üçün tək yola çıxdıqlarını deyib.
Yeni təcrübə qazanmaq – 22 faiz solo səyahəti fərqli həyat təcrübəsi və müstəqillik hissi yaşamaq üçün seçir.
Yeni insanlarla tanış olmaq – 21 faiz hesab edir ki, tək səyahət zamanı yad insanlarla ünsiyyət qurmaq daha asan olur.
Özünü daha yaxından tanımaq – 20 faiz isə gündəlik həyatın rutinindən uzaqlaşmaq və daxili rahatlıq tapmaq üçün tək səyahətə üstünlük verir.
Araşdırma müəlliflərinin fikrincə, solo səyahət artıq sadəcə tək gəzmək deyil, insanın öz qaydaları ilə istirahət etməsi deməkdir. Onların sözlərinə görə, dostlarla tarix, büdcə və istiqamət barədə aylarla razılığa gəlməyə çalışmaq əvəzinə, insanlar qərarı özləri verərək vaxt itkisindən qaçırlar.

Ekspertlər qeyd edirlər ki, müasir turistlər solo istirahəti artıq məcburiyyətdən deyil, əvvəlcədən planlaşdırılmış seçim kimi dəyərləndirirlər. Onların fikrincə, müstəqillik, çeviklik və spontan qərarlar artıq səyahət istiqaməti qədər vacib amillərə çevrilib. Bununla yanaşı, təhlükəsizlik məsələlərinin əvvəlcədən planlaşdırılması da əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.

İmran Kərimli