Tural Abbaslıdan Diaspor Komitəsinə SƏRT sözlər: “Nə işlə məşğul olduqları…”

Tural Abbaslıdan Diaspor Komitəsinə SƏRT sözlər: “Nə işlə məşğul olduqları…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi hazırda hədəfi bəlli olmayan, mücərrəd istiqamətdə fəaliyyət göstərən bir qurum təsiri bağışlayır. Onların nə üçün çalışdığı, məqsədlərinin nə olduğu, nəyə nail olmaq istədikləri aydın görünmür. Əvvəlcə bu komitənin fəaliyyətinin konkret məqsədi müəyyənləşdirilməlidir.

Bu sözləri Tribuna.az-a Ağ Partiya sədri Tural Abbaslı Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə danışarkən deyib. O bildirib ki, Azərbaycanda diaspora fəaliyyətinə yanaşma fəlsəfəsi artıq dəyişməlidir:

“Diaspora xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, həm onların yaşadıqları ölkələrdə həyat şəraitinin yaxşılaşdırılması, həm də həmin ölkələrdə Azərbaycanın siyasi və iqtisadi maraqlarının təmin olunmasına töhfə verməsi deməkdir. Bu, son dərəcə önəmli məsələdir.
Diaspora bu prosesi elə təşkil etməlidir ki, həmin insanlar yaşadıqları cəmiyyətə inteqrasiya oluna bilsin, orada söz sahibi olsunlar və maraqları qorunsun. Təəssüf ki, biz bunu görmürük.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi əsasən bayramdan-bayrama tədbirlər keçirməklə kifayətlənir. Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik.
Moskvada milyonlarla azərbaycanlı yaşayır, hətta onların bir qismi vətəndaşlıq da alıb. Bəs Dumada neçə azərbaycanlı təmsil olunur? Müqayisə üçün ermənilərin və gürcülərin sayına baxmaq kifayətdir. Bu vəziyyət təkcə Rusiyada deyil, digər ölkələrdə də eynidir.
Bu komitə xaricdə yaşayan soydaşlarımız üçün həm dəstəkçi, həm də istiqamətverici qurum olmalıdır. Diaspora insanları düşüncəsinə və siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalmamalıdır. Komitənin əsas vəzifəsi azərbaycanlıların vahid şəkildə təşkilatlanmasını təmin etməkdir.
İsrailin diaspora təşkilatlarının Avropa və Amerikadakı fəaliyyətinə diqqət yetirmək kifayətdir.
Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi hədəfi bəlli olmayan, qeyri-müəyyən istiqamətdə fəaliyyət göstərən qurum kimi görünür. Onların məqsədləri, planları və nəyə nail olmaq istədikləri aydın deyil”.

Nigar İxtiyarqız