Trampın İran qərarı regionu silkələyir: Türkiyə və Azərbaycan üçün RİSKLƏR nədir?

Trampın İran qərarı regionu silkələyir: Türkiyə və Azərbaycan üçün RİSKLƏR nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ mediasının məlumatına görə, Tramp nümayişçilərin öldürülməsi ilə əlaqədar İrana hərbi zərbə endirməyə meyllənir.”

Tribuna.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, Dövlət Departamenti İranda olan vətəndaşlarını dərhal Türkiyə və ya Ermənistan vasitəsilə bu ölkəni tərk etməyə çağırıb.

Politoloq qeyd edib ki, Trampın yeni qərarına əsasən İranla ticarət aparan bütün ölkələr bundan sonra ABŞ-la ticarətində 25% gömrük rüsumu ödəyəcəklər.

Türkiyə üçün ciddi iqtisadi risklərin yarana biləcəyindəb bəhs edən Ş. Cəfərli əlavə edib:

“Bu qərar icra olunarsa, ən çox zərər çəkən ölkələrdən biri Türkiyə ola bilər. Çünki həm İranla, həm də ABŞ-la böyük həcmdə ticarəti var. Hazırda ABŞ-ın Türkiyədən idxal olunan mallara tətbiq etdiyi rüsum 15%-dir. ABŞ Türkiyənin 2-ci ən böyük ixracat bazarıdır. Belə ki, 2024-cü ildə ABŞ-a ixracat 16,4 milyard dollar təşkil edib. (Ötən ilin rəqəmləri hələ açıqlanmayıb). Türkiyə İrandan neft, neft-kimya məhsulları və təbii qaz kimi vacib əmtəələr alır. 2024-cü ildə Türkiyə-İran ticarət həcmi 5,68 milyard dollar olub.”

Sonda, Azərbaycan üçün mümkün təsirlərin olub-olmamasından danışan politoloq bildirib:

“Azərbaycana gəldikdə isə 2024-cü ildə İranla ticarət əməliyyatlarının həcmi 647 milyon dollar təşkil edib. ABŞ-la ticarət dövriyyəsi isə 2025-ci ilin ilk 8 ayında 800 milyon dollar təşkil etsə də, bunun cəmi 45 milyonu ixracat olduğu üçün 25%-lik rüsum vəziyyətə ciddi təsir göstərməyəcək.”

Dəniz Pənahova