ABŞ Prezidenti Donald Trampın təsvir olunduğu yeni 1 dollarlıq xatirə sikkələri satışa çıxarılıb. Qızılı rəngdə olan sikkələr kolleksiyaçılara nominal dəyərindən baha qiymətə təklif edilir.
Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Zərbxanası sikkələrin satışına oktyabrın 14-də başlayıb. Alıcılar 25 ədədlik rulonu 61 dollara, 100 ədədlik paketi isə 154,50 dollara əldə edə bilərlər.
Beləliklə, 25 sikkəlik rulonda hər birinin qiyməti 2,44 dollara, 100 ədədlik paketdə isə təxminən 1,55 dollara başa gəlir. Sikkələrin nominal dəyəri 1 dollar olsa da, onlar kolleksiya məhsulu kimi satılır.
Sikkənin bir tərəfində Donald Trampın portreti, “Azadlıq”, “Allaha inanırıq” ifadələri və “1776–2026” tarixləri əks olunub. Digər tərəfində isə ABŞ prezidentinin möhürü və ölkənin müstəqilliyinin 250 illiyini simvolizə edən “250” rəqəmi yerləşdirilib.
Qızılı rənginə baxmayaraq, sikkələr qızıldan hazırlanmayıb. Onların əsasını mis təşkil edir. Tərkibində həmçinin 6 faiz sink, 3,5 faiz manqan və 2 faiz nikel var.
Sikkələr ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunan xüsusi proqram çərçivəsində buraxılıb. Proqram 2020-ci ildə qəbul edilmiş qanunla təsdiqlənib. ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent sikkənin dizaynını iyul ayında təqdim edib.
Məlumata görə, satışa çıxarılan paket və rulonların içərisinə təsadüfi qaydada xüsusi “4 iyul” nişanlı 250 min sikkə də daxil ediləcək.
İmran Kərimli









