ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt açıqlama verib. O bildirib ki, Tehran Vaşinqtonun şərtlərini qəbul etməsə, çərşənbə axşamı gecəsi İranın mülki infrastrukturuna, o cümlədən elektrik stansiyaları və körpülərə genişmiqyaslı hücum əmri verəcək.
Tribuna.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.
ABŞ prezidenti bildirib ki, İranla beş həftədir davam edən müharibənin dayandırılması üçün Tehran müəyyən şərtlərlə razılaşmalıdır.
Onun sözlərinə görə, Vaşinqton İranın nüvə silahından imtina etməsini və Hörmüz boğazını yenidən açmasını tələb edir.
Tramp bildirib ki, İran razılığa gəlməsə, ölkənin əsas infrastrukturu qısa müddətdə məhv edilə bilər:
“Bütün ölkəni bir gecəyə sıradan çıxarmaq mümkündür və o gecə sabah ola bilər”.
O əlavə edib ki, ABŞ-ın planına əsasən, İranın bütün körpüləri və elektrik stansiyaları bir neçə saat ərzində məhv edilə bilər:
“Tamamilə dağıdılacaq. İstəsək, bunu dörd saata edə bilərik. Amma istəmirik ki, bu baş versin”.
Tramp İranın təqdim etdiyi son təklifin “əhəmiyyətli addım” olduğunu desə də, bunun kifayət etmədiyini vurğulayıb.
“Onlar təklif veriblər. Bu, əhəmiyyətli təklifdir, amma kifayət qədər yaxşı deyil”, – deyə Tramp bildirib.
ABŞ müdafiə naziri Pit Heqset də açıqlamasında bildirib ki, İranla münaqişə başlayandan bəri ən ağır zərbələr bazar ertəsi endiriləcək və çərşənbə axşamı bundan da güclü hücumlar ola bilər.
Tramp həmçinin iddia edib ki, ABŞ-ın əlində İran daxilindən hökumətin devrilməsi istiqamətində təzyiqlərin davam etdirilməsini istəyən mülki şəxslərə aid çoxsaylı məlumatlar var.
Nigar İxtiyarqızı









