ABŞ-ın Ukraynaya münasibəti yenidən müzakirə mövzusuna çevrilib. Britaniya mətbuatı yazır ki, Donald Trampın Ukraynanın Rusiyanın neft infrastrukturuna hücumlarını məhdudlaşdırmağa çalışması əvvəlki prezident Co Baydenin siyasətini xatırladır.
Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, “The Telegraph” qəzetinin köşə yazarı Dominik Louson ABŞ-ın müharibə dövründə Ukraynadan daha çox öz iqtisadi maraqlarını qorumağa çalışdığını iddia edib.
Müəllifin sözlərinə görə, 2024-cü ilin aprelində Co Bayden administrasiyası Kiyevi Rusiyanın neft emalı zavodlarına dron hücumlarını dayandırmağa çağırıb. Həmin vaxt ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu cür hücumların dünya enerji bazarına mənfi təsir göstərə biləcəyini bildirmişdi.
Louson hesab edir ki, Bayden administrasiyasının əsas narahatlıqlarından biri ABŞ-da benzinin qiymətinin artmasının qarşısını almaq idi. Onun fikrincə, Tramp da hazırda oxşar yanaşma nümayiş etdirir. Müəllif bunu İrana qarşı müharibədən sonra yanacağın bahalaşması və ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində yaranan siyasi təzyiqlərlə əlaqələndirir.
Məqalədə Rusiyadan dizel yanacağı ixracına tətbiq edilən sanksiyaların yumşaldılması məsələsi də gündəmə gətirilir. Lousonun fikrincə, Rusiyanın vəd etdiyi 300 min ton dizel yanacağı ABŞ-ın gündəlik istehlakı ilə müqayisədə azdır. Buna görə də müəllif bu addımın yanacaq qiymətlərinə təsirinin məhdud ola biləcəyini düşünür.
Yazıda Trampın mövqeyinin Ukraynaya təzyiq göstərməklə yanaşı, Rusiyanın müharibəni maliyyələşdirmək üçün əlavə gəlir əldə etməsinə şərait yarada biləcəyi iddia olunur. Müəllif həmçinin ABŞ prezidentinin Rusiya ilə bağlı keçmiş biznes maraqlarını xatırladaraq, onun müharibəni başa çatdırmaq istəyinin arxasında kommersiya hesablarının dayana biləcəyini irəli sürür.
Qeyd edək ki, bunlar “The Telegraph” qəzetinin köşə yazarı tərəfindən irəli sürülən qiymətləndirmələrdir və ABŞ administrasiyalarının siyasətinə dair müəllif mövqeyini əks etdirir.









