ABŞ Prezidenti Donald Tramp ölkəsinin kifayət qədər sursat ehtiyatına malik olduğunu və müdafiə sənayesinin tarixdə ən böyük istehsal gücünü formalaşdırdığını bildirib.
Tribuna.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“ABŞ-ın, xüsusilə müəyyən növ sursatlardan çox böyük ehtiyatı var. Bundan əlavə, ehtiyac olduqca böyük həcmdə sursat istehsal olunur və ölkəyə çatdırılır. Müdafiə şirkətləri tariximizdə ən çox sayda zavod və fabrik inşa edirlər”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti, həmçinin məxfi məlumatların mediaya sızdırılmasına da münasibət bildirib.
“Xəyanət xarakterli bu məlumatları sızdıran şəxslər axtarılır. Onlar üçün uzunmüddətli həbs cəzalarının verilməsi tələb olunacaq”, – Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Prezident Donald Trampa ölkənin raket ehtiyatlarının tükənmək üzrə olduğu və bunun Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları genişləndirmək imkanlarını məhdudlaşdırdığı barədə məlumat verib. Den Keyn bu məlumatı Trampa İranla bağlı mümkün hərbi əməliyyat ssenariləri ilə birlikdə təqdim edib.









