Tribuna.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb. Amerika liderinin sözlərinə görə, “Epic Fury” (“Epik qəzəb”) adlı əməliyyat planlaşdırılandan xeyli sürətli gedir. Zərbələr nəticəsində Tehranın onlarla yüksək vəzifəli rəsmisinin məhv edildiyi bildirilib.
Tramp qeyd edib ki, lazım gələrsə, ABŞ qoşunlarının bölgəyə göndərilməsi variantı gündəmdə qalır:
“Mən qoşunların göndərilməsi ilə bağlı heç bir şübhə etmirəm. Adətən prezidentlər deyir ki, ‘yerüstü qoşun olmayacaq’. Mən bunu demirəm. Mən deyirəm ki, yəqin ki, ehtiyac olmayacaq — amma lazım olsa, göndəriləcək”.
ABŞ prezidenti martın 1-də əməliyyatın təxminən dörd həftə davam edəcəyini söyləsə də, son açıqlamasında bu müddətin daha qısa ola biləcəyinə işarə edib:
“Hər şey kifayət qədər tez bitəcək. Plan üzrə gedirik, hətta liderlərin zərərsizləşdirilməsi baxımından planı xeyli qabaqlamışıq — 49 nəfər öldürülüb. Düşünürdük ki, bu, ən azı dörd həftə çəkəcək, amma biz bunu bir günə etdik”.
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı: əsas məqamlar
Daha əvvəl Tramp ABŞ ordusunun “İranı darmadağın etdiyini” bildirmişdi. Bununla yanaşı, o, əsas hücum dalğasının hələ qarşıda olduğunu vurğulamışdı.
Eyni zamanda Pentaqon nümayəndələri münaqişənin uzun çəkə biləcəyinə işarə ediblər. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və birgə qüvvələr qarşısına qoyulan hədəflərə çatmağın vaxt tələb edəcəyini bildirən general Dan Kane qeyd edib ki, Yaxın Şərqdə baş verənlər bir günlük əməliyyat deyil və bəzi tapşırıqlar ağır və mürəkkəb olacaq.
İmran Kərimli









