Tramp: “Amerika onilliklər boyu Kanadanı öz çiynində daşıdı, amma artıq belə olmayacaq”

Tramp: “Amerika onilliklər boyu Kanadanı öz çiynində daşıdı, amma artıq belə olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bağlı sərt açıqlamalar verib. O, Ontario əyalətinin baş naziri Duq Fordu və Kanadanın Baş naziri Mark Karnini “klounlar” adlandırıb.

Tribuna.az xəbər verir ki, Tramp bu açıqlamanı ABŞ və Kanada arasında iqtisadi razılaşmanın pozulmasından sonra Fordun şərhinə cavab olaraq özünün Truth Social hesabında yayımlayıb.

ABŞ lideri Kanadanın Baş naziri Mark Karnini yenidən qubernator adlandıraraq Ottavanın Vaşinqtondan asılılığına işarə edib.

Tramp Ontario Baş naziri Duq Ford haqqında yazıb ki, o, mərhum Rob Fordun “daha az xarizmatik, daha az ağıllı və ümumilikdə heç bir xüsusiyyəti olmayan qardaşı” kimi tanınır.

ABŞ prezidenti bildirib ki, “Amerika onilliklər boyu Kanadanı öz çiynində daşıyıb, amma artıq belə olmayacaq”.

Trampın sözlərinə görə, ABŞ həmişə Kanadadan “daha böyük, daha zəngin və daha güclü” olacaq.

O, həmçinin Kanadanın əldə etdiyi elektrik enerjisi, neft və qazın əhəmiyyətli hissəsinin ABŞ ərazisindən nəql edildiyini vurğulayıb.

Tramp Kanadada işsizlik səviyyəsinin hazırda 10 faiz olduğunu və sürətlə artdığını iddia edib. Onun sözlərinə görə, Kanada şirkətləri ölkəni tərk edərək ABŞ-a köçürlər və bunun səbəbi “uğursuz siyasət və səriştəsiz idarəçilikdir”.

ABŞ prezidenti Kanadanın ABŞ-ın maliyyə dəstəyi olmadan yaşaya bilməyəcəyini də bildirib.

Tramp əlavə edib ki, Kanadanın hazırkı rəhbərliyinə görə ölkənin ABŞ-dan bundan sonra əvvəlki kimi istifadə etməsinə icazə verilməyəcək.

“Kim isə bu klounları sıraya salmalıdır, əks halda Kanada üçün nəticələr daha pis olacaq”, – deyə Tramp hədələyib.

İmran Kərimli