Son günlər sosial şəbəkələrdə dəhşətli vəziyyət yaranıb. Tiktok sosial şəbəkəsində canlı yayım açanlar köməyə ehtiyacı olanlar üçün yardımlar təşkil edir, müəlicə və əməliyyatlar üçün böyük pullar yığır.
Tribuna.az xəbər verir ki, artıq bir müddətdir, bütün sosial şəbəkələrin canlı yayımlarını Vəlizar adlı sosial şəbəkə fenomeni alt-üst edib. Bu şəxs dünən açdığı canlı yayımın cəmi 5 dəqiqəsi ərzində müalicəsinə pul laızm olan bir uşaq üçün 8 min manat pul yığıb.
Vəlizarın yayımlarına qoşulanlar sıradan izləyicilər deyil – autizmli uşaqların valideynləri, şəkərli diabetlə, ağır genetik və xroniki xəstəliklərlə yaşayan insanlar, ümidsizlik içində çıxış yolu axtaran vətəndaşlardır. Ortaya çıxan mənzərə isə sadəcə acınacaqlı yox, eyni zamanda qorxuludur.
Canlı yayımda səslənən hekayələr bir şeyi açıq göstərir: insanlar dövlətin icbari tibbi sığorta sisteminə yox, sosial şəbəkədə yardım çağırışı edən bir şəxsin ümidinə qalıb. Bu artıq tək-tək hallar deyil, kütləvi bir çarəsizlik tablosudur.
Danışılan hekayələrdən anlaşılır ki, hər kəs Azərbaycan səhiyyəsindən, TƏBİB-dən, İcbari Tibbi Sığortadan əlini üzüb. İcbari tibbi sığorta sistemi faktiki olaraq gözə kül üfürməkdən başqa bir şey etmir. Bir-iki ürək əməliyyatı, bir neçə formal xidmət təqdim edilərək guya problem həll olunmuş kimi görüntü yaradılır. Halbuki cəmiyyətin ən həssas təbəqəsi olan ağır və davamlı xəstəliklərdən əziyyət çəkən insanlar bu sığorta paketinin tam kənarında saxlanılır.
Autizm, şəkərli diabet, onkoloji və digər xroniki xəstəliklər – məhz uzunmüddətli və bahalı müalicə tələb edən bu problemlər sığorta sisteminə daxil edilmir. Nəticədə insanlar taleyin, ianələrin və sosial şəbəkə çağırışlarının ümidinə buraxılır.
Eyni vaxtda isə dövlət büdcəsi hesabına 300–400 min manatlıq son model BMW və Mercedes avtomobilləri alınır, məmurlar tərəfindən rahat-rahat istifadə olunur. Bir tərəfdə müalicə üçün yalvaran insanlar, digər tərəfdə lüks içində yaşayan və dövlət resurslarını istehlak edən məmur ordusu.
Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi bilinmir. Bildiyimiz tək bir şey var: ortaya çıxan mənzərə son dərəcə acınacaqlı və təhlükəlidir. İnsanlar kimdən, necə imdad diləyəcəklərini bilmirlər. Dövlətin səhiyyə sistemi susur, məsuliyyət isə faktiki olaraq Vəlizarın canlı yayımlarının üzərinə düşür.
Bu, tibbi sığortanın, Azərbaycan səhiyyəsinin iflasıdır.
Və bu canlı yayımlar, insanların səhiyyətən, dövlətdən əlini üzüb Vəlizarlara ümid bağlaması çox ciddi siqnaldır.
Dəhşətli mənzərədir…
Gülşən Rəsul











