“The Washington Times” qəzeti İranın Qafqazla bağlı atacağı addımlarla bağlı maraqlı məqalə ilə çıxış edib.
Tribuna.az xəbər verir ki, nəşr Tehranın Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında təşəbbüs etdiyi sülh planını pozmağa çalışacağını iddia edib.
ABŞ qəzeti həmçinin Naxçıvana İran tərəfindən PUA hücumu barədə də fərqli fikir irəli sürüb. “Azərbaycanın Naxçıvan bölgəsinə İran tərəfindən son dron hücumu sadəcə regional gərginliyin yeni epizodu deyil. İranın məqsədi Cənubi Qafqazda sabitliyi pozmaq, Ermənistan və Azərbaycan arasında kövrək sülh prosesini əngəlləməkdir”.
“The Washington Times” qeyd edib ki, Tehran uzun müddətdir ki, Azərbaycan və onun Naxçıvan bölgəsi arasındakı nəqliyyat əlaqələrinin inkişafında əsas rol oynayıb. “Yeni marşrutların yaradılması isə İranın regional təsirini zəiflədə bilər. Bu baxımdan, Naxçıvana edilən dron hücumları İranın yeni iqtisadi və nəqliyyat dəhlizlərinə qarşı çıxmağa hazır olduğunu göstərir”.
Nəşr belə bir qənaətə gəlib ki, İranın bu addımları gücdən çox zəifliyi nümayiş etdirir və Tehranın azalan təsiri fonunda regionu sabitsizləşdirməyə çalışdığı görünür.
Qəzet yekunda vurğulayıb ki, Azərbaycanla sıx bağlı olan İranın şimal-qərbində milyonlarla etnik azərbaycanlı yaşayır. “Bu kontekstdə, Tehran üçün uğurlu Azərbaycan Respublikasının mövcudluğu təkcə geosiyasi amil kimi deyil, həm də ideoloji bir problem kimi qəbul edilir”.
Fərda Uğur









