“Testdə pozitiv çıxdığı iddia edilən maddəni ömrüm boyu istifadə etməmişəm”

“Testdə pozitiv çıxdığı iddia edilən maddəni ömrüm boyu istifadə etməmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış iş adamı, “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaq çərçivəsində aparılan testlərin yenidən keçirilməsini tələb edəcəyini və prosesin hüquqi müstəvidə, şəffaf şəkildə aparılmasını gözlədiyini bildirib.
Bu barədə Qaynarinfo Türk mediasına istinadən xəbər verir.

Qeyd edək ki, narkotiklərlə bağlı istintaq çərçivəsində “Adli Tıp Kurumu”na göndərilən Sadettin Saranın saç nümunəsi üzərində aparılan testdə kokain nəticəsinin pozitiv çıxdığı açıqlanmışdı. Saranın qan, sidik və dırnaq nümunələri üzrə test nəticələrinin isə neqativ olduğu bildirilmiş, hazırlanmış hesabatın İstanbul Cumhuriyyət Baş Prokurorluğuna göndərildiyi qeyd edilmişdi.”Yenidən nümunə vermək istəyirəm”

İctimaiyyətdə yer alan xəbərlərlə bağlı yazılı açıqlama yayan Sadettin Saran aşağıdakı fikirləri səsləndirib:

“Bu səhər mətbuatda yer alan xəbərlərlə əlaqədar olaraq, ictimaiyyəti məlumatlandırmaq zərurəti yaranmışdır. Hər şeydən əvvəl açıq və qəti şəkildə bildirmək istəyirəm ki, ‘Adli Tıp Kurumu’nun test nəticəsində pozitiv çıxdığı iddia edilən maddəni ömrüm boyu istifadə etməmişəm. İstifadə etməyi bir kənara qoysaq, sözügedən maddəni yaxından görmüşlüyüm belə yoxdur.

Bu istiqamətdə irəli sürülən iddialar şəxsimi hədəf alan, şəxsi hüquqlarımı və nüfuzumu zədələməyə yönəlmiş açıq qaralama kampaniyası xarakteri daşımaqla yanaşı, eyni zamanda təmsil etdiyim qurumları da qaralama məqsədi güdür. Bu prosesdə yenidən hər cür nümunəni dərhal və heç bir tərəddüd göstərmədən verməyə hazır olduğumu da açıq şəkildə ifadə etmək istəyirəm.”

Saran bildirib ki, sözügedən testin “Adli Tıp Kurumu” nəzdində yenidən aparılması və təkrar testlərin keçirilməsi məsələləri istintaqı aparan prokurorluq orqanından rəsmi qaydada tələb ediləcək.

“Bununla yanaşı, beynəlxalq səriştəyə malik müstəqil test qurumlarında bütün müvafiq testlər ən qısa müddətdə həyata keçiriləcək və nəticələr ictimaiyyətin diqqətinə təqdim olunacaqdır. Həqiqətin elmi metodlarla, universal standartlara uyğun şəkildə üzə çıxarılmasından heç bir çəkinəcəyim yoxdur.”
Saran, barəsində məxfilik qərarı olan bir işə aid olduğu bildirilən məlumatların səhərin erkən saatlarından etibarən eyni vaxtda və koordinasiyalı şəkildə bəzi platformalarda yayılmasının da ayrıca diqqətlə qiymətləndirilməli ciddi bir vəziyyət olduğunu vurğulayıb.

“Həqiqətin gec-tez üzə çıxacağına, prosesin hüquq dövləti prinsipləri çərçivəsində, ədalətli və şəffaf şəkildə yekunlaşacağına inamım tamdır.”
Nə baş vermişdi?

Sadettin Saran daha əvvəl İstanbulda yerləşən evində tapılan və kokain olduğu qiymətləndirilən qalıqlarla bağlı suala cavabında bildirmişdi ki, şüşə qabın içində qızının müxtəlif dərmanları olub və böyük ehtimalla həmin qalıqlar bu dərmanların tozlarıdır.

Saran Assosdakı villasından götürülən maddələrlə bağlı isə açıqlamasında qeyd etmişdi ki, təxminən 20 gün əvvəl qadın basketbol komandasını qonaq ediblər. Onun sözlərinə görə, bağçada ağcaqanadları uzaqlaşdırmaq üçün lavanda və oxşar bitkilər, daha sonra isə arıları uzaqlaşdırmaq məqsədilə qəhvə yandırılıb və aşkar edilən qalıqlar bu proses nəticəsində yaranıb.

Sadettin Saran iddialarla bağlı daha əvvəl verdiyi başqa bir açıqlamada isə “WhatsApp” üzərindən məqsədli şəkildə yenidən dövriyyəyə buraxılan, illər əvvəl dəfələrlə təkzib edilmiş və özü ilə heç bir əlaqəsinin olmadığı sübuta yetirilmiş bəzi görüntü və paylaşımlar vasitəsilə ona qarşı nüfuz kampaniyası aparıldığını bildirmişdi.