“Müasir insan dəbi sevən insandı, əgər o, şəhərin mərkəzində kitab görsə, mütləq alacaq”
Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs ölkəmizdə son zamanlar keçirilən kitab yarmarkaları və “kitab dayanacağı”nın yaradılması haqda danışarkən deyib. Q.Ağsəs bu istiqamətdə işlərin müsbətə doğru getdini bildirib:
“Kitabla bağlı ölkədə nə qədər iş görmək mümkündürsə, mənə elə gəlir ki, onun heç birindən
vaz keçmək olmaz. Hamımız çalışıb bunu reallaşdırmağa cəhd etməliyik. Hətta bu işlər alınmasa, uğursuzluğa düçar olsa belə, heç olmasa vicdanımız rahat ola ki, biz buna cəhd elədik. Yəni məğlubiyyət də bəzən qələbəyə bərabər olur. Sonuncu kitab sərgi-yarmarkasında mən doğrudan da izdihamın şahidi oldum. Orda tanımadığım insanları da gördüm. Çünki bizim adətən kitab təqdimatlarını toy mərasiminə çeviriblər. Yüz-iki yüz adam var ki, həm yazıçıdır, həm də alıcı. Yarmarkada məndən kitabımı istəyən xeyli adam oldu. Amma “Ulduz” jurnalı xeyli sayda satıldı, yəni bu dəfə yarmarkaya gələnlər həkimlər, mühəndislər, iş adamları və dövlət məmurları idi. Belə məlum olur ki, bu istiqamətdə doğrudan da müsbətə doğru işlər gedir. Bir də qəzet köşklərində kitablar qoyulsa, yaxşı olar.
Mənim həmişəki kimi gileyim odur ki, telekanallarımızda ədəbiyyata, mədəniyyətə və kitaba yönəlik verilişlərin açılmağını çox təvəqqe edirəm. Kitab böyük məhfumdur. Hər sahəyə aid kitablarla bağlı kitab klubu kimi verilişlər açılmalıdır. Bir də Bakının hər yerində kitab satılan mağazalara rast gəlməliyik. Müasir insan dəbi sevən insandı, əgər o, şəhərin mərkəzində kitab görsə, onu mütləq alacaq. Bizdə bəzən kitab bağazalarını elə yerə salırlar ki, ora gedib çıxmaq olmur. Əgər iş adamları bu sahəyə sərmayə qoysa, bir neçə aydan sonra qazanc əldə edərlər. Kitabın satışında pul da var. Bir az cəhd etsələr, uğurlu nəticələr əldə etmək olar”









