Dünən baş verən bank kartlarına kiber hücum bir daha sübut edir ki, bu sahədə ciddi kiberboşluqlar da var. Zərər görən isə ehtiyac içində olan vətəndaşlardır. Banklara qarşı iddialar isə əsassız şəkildə məhkəmələr tərəfindən rədd edilir.
Tribuna.az xəbər verir ki, bu sözləri vəkil Aqil Layıc vətəndaşların banklarla yaşadığı problem barədə danışarkən deyib. O bildirib ki, bankların öz sistemlərindəki boşluğa görə vətəndaşlar borca düşür, məhkəmələrdə qalır:

“Bir tanış xanım var. Övladlarını tək böyüdür. Əmək haqqı bu aydan, növbəti aya zorla çatır. M10 üzərindən onun telefonuna kiber müdaxilə olunub adına 18 min manat Kapital Bank üzərindən kredit rəsmiləşdirilib və dəqiqələr içində məbləğ naməlum istiqamətdə köçürülüb. Əslində benefisiar da məlumdur ki, M10 üzərindən məbləğ fılan şəxsə gedib. Bu xanım heç bir zaman M10 istifadəçisi olmayıb. M10 da telefonuna kiber cinayətkarlar tərəfindən yazılıb.
İş üzrə faktlar.
1. Cinayət işi açılıb, müdaxilə Gürcüstan nömrəsi ilə türklər tərəfindən edilib,
2. Həmin müdaxilə edən şəxslərin səs yazıları var ki, xanıma zəng edərək başqa mövzuda danışıb və həmin ərəfədə kredit rəsmiləşdiriblər.
3. Ekspertiza müəyyən edib ki, xanımın telefonuna həmin müdaxilə zamanı 3 naməlum qurğu qoşulub və OPT kodları da hansı qurğu tərəfindən daxil edildiyi məlum deyil.
4. Xanım ümumiyyətlə kredit götürmək niyyəti, bəyanı və idarəsi olmayıb. Kiber müdaxilə edilən kimi hesablarının mövcud olduğu bank filialına dərhal məlumat verib.
5. Hüquqda hər kəs bilir ki, müqavilənin mövcud olması üçün iradə və bəyan olmalıdır. Niyyət olmalıdır.
İşin gülməli və acınacaqlı tərəfi ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi bütün bu faktlara əsasən iddiamızı rədd elədi, düz 9 ay proses getdi. Ekspert rəyindən sonra bu iş dərhal yekunlaşmalı idi.
Nədənsə məhkəmə işi yekunlaşdırmırdı.
Dünən baş verən bank kartlarına kiber hücum da bir daha sübut edir ki, bu sahədə ciddi kiberboşluqlar da var. Zərər görən isə ehtiyac içində olan vətəndaşlardır. Banklara qarşı iddialar isə əsassız şəkildə məhkəmələr tərəfindən rədd edilir”.
Gülşən Rəsul









