Ötən gün ABŞ prezidenti Donald Tramp İranı təhdid edən açıqlamalar verib. Tribuna.az xəbər verir ki, o, Tehranla müqavilə bağlamaqdan başqa hədəflərinin olmadığını vurğulayıb.
Tramp bildirib ki, “Ya İranla müqavilə bağlayacağıq, ya da başladığımız işi bitirəcəyik”.
Onun sözlərinə görə, başladıqları işi bitirmək onlar üçün çətin olmayacaq. “91 milyon insana zərər vermək istəmədiyim üçün müqavilə bağlamağı üstün tutardım. Onların körpülərini bir saata partlada bilərik. Onları məhv edə bilərik. Bütün zavodlarını bir anda sıradan çıxararıq”.
Tramp daha sonra qeyd edib ki, İran nüvə silahına sahib ola bilməz. “Mən İranda rejim dəyişikliyi axtarmıram. Baxmayaraq ki, rejim dəyişikliyi məhz budur”.
Bildirək ki, Tehrandan bu açıqlamaya qısa zamanda cavab gəlib. Belə ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zulqədr deyib ki, Tramp danışarkən diqqətli olmalıdır. “Cənab Tramp, hörmətlə danışın, əks halda sizə fərqli bir dildə cavab verəcəyik”.
Fərda Uğur









