TƏBİB-in yalnış kadr siyasəti: “kağız üzərində” formal təyinatlar

TƏBİB-in yalnış kadr siyasəti: “kağız üzərində” formal təyinatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər səhiyyə sistemində aparılan islahatların əsas icraçısı kimi təqdim edilən TƏBİB-in kadr siyasəti ətrafında ciddi suallar yaranmaqdadır. Rəsmi açıqlamalarda əsas məqsəd şəffaflıq, peşəkarlıq və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi göstərilsə də, faktlar reallıqda fərqli mənzərə ortaya qoyur.

Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlar və apardığımız araşdırmalar göstərib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən bəzi tibb müəssisələrində əsas meyar peşəkarlıq deyil, yaxınlıq və loyal münasibətlərdir. Uzun illər bu sahədə çalışan, ixtisaslı və təcrübəli həkimlər kənarda saxlanıldığı halda, idarəetmə bacarığı və sahə üzrə real təcrübəsi olmayan şəxslər rəhbər vəzifələrə gətirilir.

Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, bəzi rəhbər vəzifələrə təyin edilən şəxslərin nə müvafiq ixtisası, nə də sahə üzrə yetərli iş təcrübəsi mövcuddur. Bu isə sadəcə idarəçilik problemi deyil, birbaşa vətəndaşların sağlamlığı üçün risk deməkdir. Səhv qərarlar, düzgün qurulmayan iş mexanizmi və məsuliyyətsiz yanaşma nəticə etibarilə həkim–pasiyent münasibətlərində gərginliyə və tibbi xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Araşdırmalar zamanı bəzi həkimlərin təhsil və əmək fəaliyyətində zaman, məkan və status uyğunsuzluqları da aşkar edilib. Bu hallar TƏBİB-in kadr siyasətində ciddi boşluqların mövcudluğunu göstərir. Belə nümunələrdən biri də Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevdir.

Təhsil və iş fəaliyyəti ilə bağlı ziddiyyətlər

Natiq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən məlumatlar bir sıra suallar doğurur. Sənədlərə əsasən, o,

2013–2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində,

2018–2022-ci illərdə isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb.

Eyni zamanda qeyd olunur ki, Natiq Əliyev:

2019–2020-ci illərdə Türkiyənin *“Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”*ndə infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə,

2020–2022-ci illərdə isə *“Marmara Üniversitesi”*ndə təhsilini davam etdirib.

Bu məlumatların özü artıq ciddi sual yaradır:
Azərbaycanda rezidentura təhsili davam etdiyi halda, eyni vaxtda Türkiyədə iki fərqli universitet və klinikada təhsil almaq necə mümkün olub?

Paralel iş fəaliyyəti – kağız üzərindəmi?

Məsələ bununla da bitmir. Əvvəl açıqlanan məlumatlara görə, Natiq Əliyev:

2018–2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant,

2021–2022-ci illərdə həmin qurumda sanitar həkim,

2020–2022-ci illərdə isə Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist kimi çalışıb.

Beləliklə, açıq-aşkar zaman və məkan uyğunsuzluğu yaranır. Bir şəxs eyni dövrdə:

Naxçıvanda dövlət tibb müəssisəsində işləyib,

Bakıda xəstəxanada həkim kimi fəaliyyət göstərib,

Paralel olaraq Türkiyədə iki universitetdə təhsil alıb,

Üstəlik Azərbaycanda rezidentura keçib.

Bu necə baş verib?
Natiq Əliyev faktiki olaraq harada olub — Naxçıvanda, Bakıda, yoxsa Türkiyədə?
Onun adı bəzi müəssisələrdə sadəcə ştat cədvəlində saxlanılıb?

Yoxsa təhsil, rezidentura və iş stajı yalnız “kağız üzərində” formalaşdırılıb?

Xüsusilə nəzərə almaq lazımdır ki, söhbət pandemiya dövrünü əhatə edən illərdən gedir. Həmin vaxt infeksionist həkimlərin hər gün fiziki iştirakı, növbələri və real fəaliyyəti həyati əhəmiyyət daşıyırdı. Belə bir dövrdə bir həkimin eyni anda bir neçə ölkə, şəhər və statusda fəaliyyət göstərməsi inandırıcı görünmür.

Rezidentura ilə bağlı daha bir iddia

Natiq Əliyevin ümumiyyətlə rezidentura təhsili yoxdur. Rezidentura təhsilinin olmaması natamam ali tibbi təhsil sayılır və bu halda belə bir şəxsin xəstəxana direktoru vəzifəsində çalışması mövcud qanunvericiliyə ziddir.

Cavab gözləyən suallar

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də ali təhsil və rezidentura üzrə səlahiyyətli qurumlar ictimaiyyətə aydınlıq gətirməlidir:

Təhsil və əmək fəaliyyəti hansı rəsmi sənədlərlə təsdiqlənib?

Davamiyyət, ezamiyyət və ya distant əsaslar olubmu?

Dövlət büdcəsindən ödənilən əməkhaqları real iş fəaliyyətinə uyğun olubmu?

Cəmiyyət isə haqlı olaraq soruşur:
Əgər bir həkim eyni vaxtda bu qədər yerdə olubsa, real məsuliyyəti kim daşıyıb?
Bu təyinatlar hansı əsaslarla aparılıb?
Rezidentura, xarici təhsil və paralel əmək fəaliyyəti necə uzlaşdırılıb?
TƏBİB bu ziddiyyətləri bilə-biləmi görməzdən gəlib?

Əgər bu suallar cavabsız qalacaqsa, problem təkcə ayrı-ayrı şəxslərdə deyil, TƏBİB-in sistemli və məsuliyyətsiz kadr siyasətindədir.

Araşdırmamız davam edir…

Mediatv.az